Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir A.Hüseynbala/
MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyi regionlarda seçki komissiyalarının monitorinqini keçirir.
"Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının əməkdaşları bölgələrdə bələdiyyə seçkiləri ilə bağlı seçki komissiyalarının fəaliyyətini izləyirlər", - cümə axşamı Trend -a MDB PAA Şurasının Katibliyinin DİMBİ Bakı filialının mətbuat xidmətindən bildirilib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Gəncə, Sumqayıt, Abşeron, Şamaxı, Oğuz və Şəmkirdə olan katibliyin nümayəndələri seçki komissiyalarında bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərlə yaxından tanış olublar. "Seçki komissiyalarının fəaliyyəti ilə tanışlıq Bakı filialının bələdiyyə seçkiləri ilə bağlı 12 istiqamətdə apardığı monitorinq və araşdırmanın bir hissəsi olaraq ölkədə fəaliyyət göstərən seçki komissiyalarının fəaliyyətinin milli qanunvericiliyə müvafiqliyinin təhlili ilə bağlı həyata keçirilir", - məlumatda vurğulanır.
Dairə və məntəqələrdə aparılan müşahidələr nəticəsində məlum olub ki, seçki komissiyaları MSK-nın təsdiq etdiyi təqvim planına uyğun fəaliyyət göstərir. "Mütəmadi olaraq DSK və MSK üzvləri ilə təlimlər aparılır, namizədlərə imza vərəqələri verilir və onlar tərəfindən təqdim edilən imza vərəqələri yaradılan işçi qrup vasitəsilə yoxlanılır. Müşahidə edilən seçki komissiyalarında ciddi nöqsanlara rast gəlinməyib", - məlumatda qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]