Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda ötən il korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən cinayət işlərinin sayı artıb.
Trend -un məlumatına görə, Respublika Prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında baş prokuror Zakir Qaralov bildirib ki, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci illə müqayisədə korrupsiya cinayətləri ilə bağlı məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 33 fakt artıb. məlumatı Baş Prokurorluğun rəsmi saytı yayıb.
Baş prokuror bildirib ki, rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə və digər məhkəmələrə aidiyyəti üzrə baxılması üçün 176 şəxs barəsində 103 cinayət işi göndərilib.
Qaralovun sözlərinə görə, ötən il dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı 41 müraciət daxil olub və bu müraciətlər üzrə 10 cinayət işi başlanıb.
Azərbaycan Silahlı Qüvvələrində ötən il 74 korrupsiya faktı - rüşvət alma və rüşvət vermə cinayətləri aşkarlanıb.