Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Baş Prokurorluğu qaz sızması, partlayış və dəm qazından boğulma faktlarının artması ilə bağlı aidiyyatı qurumlara müraciət edib.
Trend -un məlumatına görə, Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş kollegiyasında bu barədə məlumat verilib.
Baş Prokurorluğun rəsmi saytının yaydığı məlumata görə, kollegiyada vurğulanıb ki, son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq artır.
Bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədi ilə Dövlət Neft Şirkətinin "Azəriqaz " İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərilib, nəticələr və görülmüş tədbirlər barədə Baş nazir məlumatlandırılıb.
Kollegiyada Baş Prokurorluğun müvafiq qurumları və Bakı şəhər prokurorluğu, əlaqədar tabe rayon prokurorlarına qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış cinayət işlərinin keyfiyyətli istintaq olunması, bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin iştirakı ilə hadisələrin başvermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran halların aradan qaldırılmasının təmin olunması barədə tapşırıqlar verilib.