Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Sumqayıt şəhərində baş vermiş silahlı insidentin nəticəsində insanların ölümündə və yaralanmasında şübhəli bilinən cinayətkarların fotorobotu tərtib olunub. Bu barədə Trend -a müstəntiq Emil Mirzəyev məlumat verib.
Şənbə günü səhər 07:45-də iki naməlum şəxs Makarov tipli silahdan atəş açaraq 1985-ci il təvəllüdlü Vüqar Balayevi qətlə yetiriblər. Onun atası 1957-ci il təvəllüdlü İsmayıl Balayev onlara müqavimət göstərib. Nəticədə, o da ayağından ağır xəsarət alıb. Yaralandığına baxmayaraq, o, cinayətkarlardan silahı almağa nail olub.
"Şübhəli şəxslərin fotorobotları polis bölmələri arasında yayılıb. Hazırda cinayətkarların axtarışları davam edir" - Mirzəyev deyib.
Onun sözlərinə görə cinayəti törətmiş şəxslərin şəxsiyyəti hələlik müəyyən olunmayıb.
Fakt üzrə "qəsdən adam öldürmə" və "silah daşıma və ağır xəsarət yetirmə" maddələri ilə cinayət işi açılıb.