Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda terror barədə yalan məlumat verən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da saat 11.03-də, azyaşlı naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək, "Burada bomba var, mən erməniyəm" deyərək telefonu söndürüb.
Dərhal həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
DİN Baş Cinayət Axtarış İdarəsi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Yeni Gəncə qəsəbəsində yaşayan azyaşlı M.U. olması müəyyən edilərək saxlanılıb.
O, yalan məlumat verməsini etiraf edib.
DİN Baş Cinayət-Axtarış İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də FHN-in "112" Xidmətinə telefonla zəng edərək "20 nömrəliyə bomba qoyulub" deyərək yalan məlumat verənin Şirvan şəhərində yaşayan azyaşlı, ruhi xəstə F.P. olması müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.