Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Bakıda yanğına qarşı mübarizəni gücləndirmək məqsədi ilə operativ yanğın-texniki müayinələr keçirib.
Nazirliyin internet saytının cümə günü yaydığı məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə birgə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə keçirilən müayinələr zamanı yaşayış binalarının birinci mərtəbəsində, həmçinin, zirzəmi və yarımzirzəmilərdə fəaliyyət göstərən obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vəziyyəti öyrənilib.
Müayinələr zamanı təbii və maye qazdan istifadə olunması ilə əlaqədar müvafiq qaydaların tələblərinə nə dərəcədə riayət olunması öyrənilməklə yanaşı, obyektlərdə yanğınxəbərverici siqnalizasiyanın, isitmə və havalandırma sistemlərinin, elektrik qurğularının sazlığı, ümumi təxliyyə yollarının, su təchizatı mənbələrinin vəziyyəti araşdırılıb.
Operativ-yanğın texniki müayinələr zamanı maarifləndirmə işlərinə də geniş yer ayrılıb, ticarət, ictimai iaşə müəssisələrinin rəhbərlərinin və işçilərinin diqqətinə bir daha çatdırılıb ki, yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar.
Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olan çoxsaylı hallar da aşkar olunub. Bu halların aradan qaldırılması üçün Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliyə uyğun olaraq bütün zəruri tədbirləri həyata keçirir.