ABŞ, Vaşinqton, 20 noyabr / Trend , müxbir N.Boqdanova /
"Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş ədalətsizdir və ABŞ-ın Azərbaycan kimi güclü müttəfiq və strateji tərəfdaşına qarşı tətbiq olunmamalıdır, Birləşmiş Ştatların sabiq energetika naziri Federiko Penya (Federico Pena) belə hesab edir.
"Bu düzəliş ləğv edilməlidir", - Trend -a Bill Klinton Administrasiyasının sabiq naziri Penya bildirib.
1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoyur.
Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.
Penyanın sözlərinə əsasən, düzəlişin ləğv edilməsi Amerika-Azərbaycan ikitərəfli münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə mane olan əngəlləri aradan qaldırardı.
"907-ci düzəlişin ləğv edilməsi ABŞ-ın Xəzər regionunda gələcək səyləri üçün əsas addım ola bilər", - o belə hesab edir.
"Azərbaycan hökumətinə yardımın göstərilməsinin məhdudlaşdırılması haqqındakı bu qanun ABŞ-ın Azərbaycandakı maraqlarının irəliləməsinə mane olur", - Penya qeyd edib.
Onun sözlərinə əsasən, Yaponiya, İran və beynəlxalq maliyyə institutları bu boşluğu doldurmağa çalışdığı bir zamanda Amerika şirkətləri bu ölkədəki imkanlarını itirir.
"ABŞ hökuməti gələcək iqtisadi islahatların təşviqi və regionda mövcud investisiya mühitinin inkişafı üçün konqresin dəstəyinə ehtiyac duyur", - Penya bildirib.
Onun sözlərinə görə, ABŞ hökumətinin texniki əməkdaşlıq çərçivəsində bu ölkələrə aramsız dəstəyi güclü bazar iqtisadiyyatının yaranmasında əsas yardımdır və Vaşinqton maliyyə cəhətdən fəal enerji sektorlarının inkişafını təşviq edir.
Penya 907-ci düzəlişi Azərbaycana münasibətdə ayrı-seçkilik hesab edir.