Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Hafizoğlu/
Ermənistan Parlamenti Ermənistan-Türkiyə protokollarını ratifikasiya etsə belə, Türkiyə Parlamentindən adekvat cavab gözləməyə dəyməz. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel belə hesab edir.
"Ermənistan Parlamenti Ermənistan-Türkiyə protokollarını ratifikasiya etsə belə, Türkiyə Parlamentindən adekvat cavab gözləməyə dəyməz. Belə ki, Türkiyə tərəfindən protokolların imzalanması birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyişlə bağlıdır", - Kornel İsveçdən telefon vasitəsilə Trend -a bildirib.
Ermənistan Prezidenti Serj Sarkisyan bu gün öz administrasiyasının əməkdaşlarına Ermənistan-Türkiyə protokollarını yaxın günlərdə ölkə parlamentinin ratifikasiyasına göndərmək tapşırığı verib.
Mediamaks-ın xüsusi müxbirinin Londondan bildirdiyi kimi, Ermənistan Prezidenti bu barədə bu gün "Çattem haus" kimi tanınan Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı deyib.
Kornelin fikrincə, bir faktı nəzərə almaq lazımdır ki, əgər Ermənistan Parlamenti həmin protokolları ratifikasiya etsə, bu, Ermənistanın istədiyi kimi, Türkiyəyə qarşı təzyiqin güclənməsinə daha bir addım olacaq.
"Türkiyəyə qarşı təzyiq artacaq, lakin buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan çətin ki, Ankara münasibətlərin normallaşdırılması prosesini davam etdirsin", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.