ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarı təəssüf doğurur - Azərbaycan XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Mart 2010 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir Ü.Sadıxova/

Bu qərəzli qərar təəssüf hissləri doğurur. ABŞ Konqresinin bəzi üzvləri yüz il bundan əvvəl sübutu olmayan hadisələrlə bağlı qərarlar qəbul edir. Bunu Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

"Bu proses davam etsə, regionda stabilliyin və təhlükəsizliyin bərqərar olunmasına yönəlmiş səylərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan gərgin danışıqlara xələl gətirə bilər", - Poluxov deyib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

XİN rəsmisi bildirib ki, bu cür subyektiv qərarları qəbul etməkdənsə, həmin Konqres üzvlərinin Ermənistanın cəmi iyirmi il öncə Azərbaycana qarşı başlamış təcavüzü, işğal nəticəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlər və etnik təmizləmələr, bir milyona yaxın qaçqın və məcburi köçkünlərin öz evlərindən qovularaq doğma yurdlarından didərgin salınmalarına da özlərində cəsarət tapıb qiymət vermələri yaxşı olardı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Bütün bu hadisələr beynəlxalq aləmdə sübut olunub və onların canlı şahidləri bu günə qədər ədalət gözləyirlər. Ümid edirəm ki, Xarici əlaqələr komitəsinin bu qərarı Konqresdə öz dəstəyini tapmayacaq və onun qəbuluna yol verilməyəcək", - Poluxov bildirib.

Xəbər lenti

Xəbər lenti