Veto hüququna malik Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək - politoloq Sergey Markedonov

Siyasət Materials 18 Mart 2010 11:17 (UTC +04:00)

Trend -un Siyasi və Hərbi Analiz İnstitutunun Millətlərarası münasibətlər problemi şöbəsinin müdiri, tarix elmləri namizədi, politoloq Sergey Markedonov ilə xüsusi olaraq "Yeni Azərbaycan" qəzeti üçün müsahibəsi

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Tariverdiyeva/

- ABŞ Konqresinin Aşağı Palatasının "erməni soyqırımı" üzrə qətnamə qəbul etməsini necə qiymətləndirirsiniz? Konqres "soyqırım"a dair yekun qətnamə qəbul edəcəkmi? Və belə addımın nəticəsi necə ola bilər?

- ABŞ 1915-ci il "erməni soyqırımı"nı hələ tanımayıb. ABŞ Konqresinin profilli komitəsinin bununla bağlı qətnamə qəbul etməsi isə birinci hadisə deyil, 2009-cu il oktyabrın 10-da analoji hal baş vermişdi. Qətnamənin belə şəkildə qəbul olunacağı fakt deyil, üstəlik, ən profilli komitədə üstünlük minimal olub, 23 səsə qarşı 24 səs. Bu qərar Türkiyədə olduqca mənfi qarşılanır, çalarsız, nüansız, əslində isə bunlar çoxdur. Amerika diplomatiyasında iki xətt var - birincisi, Türkiyə ilə münasibətlərdə risk etmək istəməyən praqmatik siyasətçilər. İkinci istiqamət isə moralizatorlardır - bunlar o siyasətçilərdir ki, onların fikrincə, elə əbədi dəyərlər var ki, hər şeydən üstündür. "Soyqırım" mövzusu dəfələrlə baş qaldıracaq. Lakin ümumilikdə Konqres və veto hüququna malik Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək.

- Avropa İttifaqının, xüsusən də Fransanın rolunun güclənməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərəcək?

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransa və Avropa İttifaqının rolu kifayət qədər önəmlidir. Avropa İttifaqı Gürcüstanda beşgünlük müharibədən sonra Cənubi Qafqazdakı hadisələrdə öz iştirakının genişlənməsində maraqlıdır. Avropada belə bir fikir var ki, ABŞ, Rusiya və Türkiyə kimi iri regional oyunçular regionda öz müttəfiqlərinin maraqlarına cavab verirlər. Aİ bu kontekstdə müstəqil arbitr kimi çıxış edə bilər. Bundan əlavə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçi kimi təcrübəsi var. Əgər Fransanın mövqeyindən danışsaq, Prezident Nikola Sarkozi ABŞ və Rusiya prezidentləri ilə birgə beynəlxalq normalara əsaslanan yenilənmiş Madrid prinsiplərini imzalamaqla onu müəyyən edib.

- Münaqişənin beynəlxalq hüquq əsasında nizamlanmasında ATƏT-in Minsk qrupunun nə kimi şansı var? Bu format danışıqlar üçün lazımdırmı?

- Minsk qrupu danışıqlar formatıdır və problemi Bakı və Yerevanın xeyrinə həll edə bilməz. Onlar sadəcə dialoqun təşkil olunmasına kömək edə bilər, əraziləri Azərbaycana qaytara bilməz. Lakin Minsk qrupu danışıqlar aparmaq, vasitəçilik etmək, iki cəmiyyətin əhval-ruhiyyəsini nəzarət altında saxlamaq üçün lazımdır və artıq bir neçə ildir qrup uğurla bunun öhdəsindən gəlir. Lakin Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan prezidentlərindən başqa qəti olaraq heç kəs həll edə bilməz.

- "Nabukko" qaz kəməri vasitəsilə Xəzər regionundan Avropaya qaz tədarükü layihəsi öz aktuallığını itirir. Gələcək layihə barədə nə fikirləşirsiniz?

- "Nabukko" bir o qədər iqtisadi deyil ki, siyasi məqsəd daşıyır. Hazırda əsas olan İranın "Nabukko" layihəsinə qoşulması məsələsidir. Belə ki, İran olmadan bu borunun mənası yoxdur. İranla isə sonunun nə ilə bitəcəyi məlum olmayan çox çətin oyun gedir. Buna görə də "Nabukko" siyasi poliqondur, gələcək mənfəətin şəffaf sxemi ilə sırf iqtisadi layihə deyil. Hesab edirəm ki, ən yaxın perspektivdə "Nabukko" olmayacaq, lakin əlbəttə ki, müzakirələr davam etdirilir və ola bilsin ki, uzunmüddətli perspektivdə onlar layihənin həyata keçirilməsinə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti