Azərbaycan müxalifəti parlament seçkiləri ilə bağlı qapalı müzakirələr aparır

Azərbaycan, Bakı, 04 fevral /Trend News, müxbir A.Hüseynbala/

Azərbaycan müxalifəti parlament seçkiləri ilə bağlı qapalı müzakirələr aparır.

"Mən parlament seçkilərində müxalifətin vahid namizədlərlə iştirakını təmin etmək üçün bütün partiyalara təkliflərimi çatdırmışam və məsləhətləşmələr davam edir", - cümə axşamı Trend News-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend News-un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cəlaloğlunun sözlərinə görə, müxalifət partiyaları təklifləri ilə bağlı cavab vermək üçün bir həftə vaxt istəyib. "Gələn həftə partiyalar daxilində aparılan müzakirələrin nəticələri bəlli olmalıdır", - partiya sədri əlavə edib.

Onun fikrincə, təkliflərinə müsbət reaksiya verilərsə, bu zaman müxalifətin parlament seçkilərində birgə iştirakı ilə bağlı daha ciddi məsləhətləşmələr davam etdiriləcək. "Biz ADP ilə yanaşı "Azadlıq" blokunda, Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyaların, eləcə də Müsavat və Ümid partiyalarının seçkilərdə birgə iştirakının tərəfadrıyıq. Düşünürəm ki, digər partiyalar ciddi uğur qazanmağımız üçün bunun ən optimal variant olduğunu başa düşürlər", - Cəlaloğlu vurğulayıb.

"Biz "Azadlıq" blokunda təmsil olunan partiyalara və Müsavat Partiyasına parlament seçkiləri ilə bağlı birgə məsləhətləşmələrin aparılması üçün müraciət etsək də, hələ ki, müsbət cavab almamışıq", - cümə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Musayevin sözlərinə görə, o, ittifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə birgə partiyaların rəhbərləri ilə də görüşüb. "Biz ilkin mərhələdə bir yerə toplaşıb seçkiqabağı situasiyanı dəyərləndirməyi təklif edirik. Düşünürük ki, partiyalar ilkin mərhələdə bir yerdə müəyyən müzakirələr apara bilsələr, sonrakı mərhələdə atacağımız addımları da dəqiqləşdirə bilərik", - partiya sədri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

 
 
 
 
 
Mövzuya dair digər materiallar:
 
Siyasi hərəkatlar kateqoriyasında olan digər xəbərlər:
 
 
Ən çox oxunanlar