Azərbaycanın hakim partiyası parlamentdə daha çox sayda təmsil olunmaq iddiasındadır

Siyasət Materials 16 Fevral 2010 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası parlamentdə daha çox sayda təmsil olunmaq iddiasındadır.

"Qarşıdan gələn parlament seçkilərində hədəfimiz ondan ibarətdir ki, indi parlamentdə təmsil olunduğumuz saydan daha artıq sayda partiya üzvü Azərbaycanın qanunverici orqanında təmsil olunmaq imkanı əldə etsin. Yəni son 17 ildə bütün seçkilərin şəriksiz qalibi olmuş YAP-ın indi başlıca hədəfi qarşıdakı parlament seçkilərində daha böyük siyasi zəfər qazanmaqdır. Buna nail olmaqdan ötrü nə tələb olunursa, hansı yeniliklər ortaya çıxarmaq lazımdırsa, hansı konseptual məqamlar tələb olunacaqsa, təbii ki, YAP olaraq biz bütün bunların hamısını tətbiq etməyə səy göstərəcəyik", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində deyib.

Azərbaycan Parlamentində çoxluq YAP-a mənsubdur. 64 deputat YAP-ın üzvüdür. Azərbaycanda parlament seçkisinin ilin sonunda keçirilməsi nəzərdə tutulub.

Əhmədov bildirib ki, partiyanın seçki düşüncəsinin mərkəzində duran reallıq ondan ibarətdir ki, hər bir seçkinin taleyini vətəndaş həll edir.

"Ona görə də qarşıdan gələn parlament seçkilərində uğur qazanmağımızdan ötrü ən başlıca amil ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bizim irəli sürəcəyimiz namizədlərə səs vermək istəsinlər. Eyni zamanda, bizim irəli sürəcəyimiz namizədlərin insanlar tərəfindən rəğbət obyekti olması əhəmiyyətli fakt kimi tərəfimizdən dərk edilir. Aparacağımız seçki kampaniyası, tətbiq edəcəyimiz seçki texnologiyaları da bütövlükdə qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız üçün çox əhəmiyyətli rol oynayacaq", - YAP rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti