Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının bütün rəhbərliyi deputatlığa namizədliyini irəli sürəcək.
"Partiyamızın sədri və rəhbərlikdə təmsil olunanların hamısının adı deputatlığa namizədlərimizin siyahısına daxil edilib", - çərşənbə axşamı Trend -a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.
Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Mirzəbəylinin sözlərinə görə, partiyanın 60-dan çox üzvünün seçkilərdə iştirakı bəllidir. "Amma kimin hansı dairədən namizədliyini irəli sürəcəyini hələ ki, müəyyənləşdirməmişik", - o xatırladıb.
Sədr müavini deyib ki, namizədlərin tam siyahısı Ali Məclisdə təsdiq olunacaq. "Bundan sonra deputatlığa iddialı partiya üzvlərinin hansı dairələr üzrə namizədliyini irəli sürəcəyi də müəyyənləşdiriləcək", - Mirzəbəyli əlavə edib.
BAXCP sədri Qüdrət Həsənquliyev 2005-ci il parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyini irəli sürərək deputat seçilib. Mirzəbəyli onun yenidən həmin dairədən namizədliyini irəli sürəcəyinin hələ ki, müəyyənləşdirilmədiyini bildirib. "Bu cür məsələlərin həlli seçkiqabağı situasiyadan asılı olacaq", - sədr müavini vurğulayıb.
Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "Birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]