Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyası deputatlığa yüzə yaxın namizəd müəyyənləşdirib.
"Deputatlığa yüzə yaxın namizədimizi müəyyənləşdirsək də parlament seçkilərində daha şanslı digər partiya üzvlərini də dəstəkləyə bilərik", - çərşənbə günü Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Hacılının sözlərinə görə, partiya hər bir dairədən daha şanslı namizəd irəli sürülməsi prinsipinə uyğun hərəkət edəcək.
"Namizədliyini irəli sürən bitərəflər, ictimai-siyasi xadimlər, ziyalılar arasında bizim siyahıdakından daha şanslı kim olacaqsa, biz həmin dairədə güzəştə getməyə hazırıq", - o əlavə edib.
Mərkəzi İcra Aparatının rəhbəri partiyanın rəhbərliyinə daxil olan şəxslərin seçkilərin hər birinin də namizədliyini irəli sürməsini zəruri hesab edir.
"Çünki biz ciddi seçki mübarizəsi yaratmaq niyyətindəyiksə və bu seçkilərə yalnız qanunverici hakimiyyətdə yer tutmaq vasitəsi kimi yox, eyni zamanda Azərbaycanda demokratiyanın inkişafının genişləndirilməsi üçün bir imkan kimi baxırıqsa, təbii ki, ilk növbədə partiyanın rəhbərliyinə daxil olan şəxslər namizədliklərini irəli sürməlidirlər", - Hacılı vurğulayıb.
Müsavat funksioneri bütün dairələrdə namizəd irəli sürəcəklərini də istisna etməyib.
Parlament seçkiləri ərəfəsi Demokratiya Uğrunda Hərəkatın təşəbbüsü ilə məsləhətləşmələrə gəldikdə, o, tədbirin vaxtının müəyyənləşdirilmədiyini deyib. "Düşünürəm ki, "Azadlıq" bloku da müraciətə müsbət cavab verəcək və biz məsləhətləşmələr nəticəsində müsbət qərar qəbul edə biləcəyik", - Mərkəzi İcra Aparatının rəhbəri xatırladıb.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.
Müsavat Partiyası Milli Məclisdə beş nəfərlik deputat qrupu ilə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]