...

Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 20 May 2010 13:59 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov 11 il, Xaçmaz rayon sakinləri Şirzal Fətullayev, Firuz Fətullayev, Ədalət Dadaşov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir H.Bağırov/

Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov 11 il, Xaçmaz rayon sakinləri Şirzal Fətullayev, Firuz Fətullayev, Ədalət Dadaşov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa cəhd (29, 206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.2.1), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə (315.2) maddələri ilə təqsirli biliniblər.

Ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə həyata keçirdikləri tədbir nəticəsində Azərbaycan ərazisindən Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayevlər Xaçmazda, dəniz sahilində yaxalanıblar.

Mütəşəkkil dəstə üzvlərindən 1 milyon ABŞ dolları məbləğində müxtəlif ceşidli qiymətli əşyaların qablaşdırıldığı 110 ədəd qutu aşkar edilərək götürülüb.

Tərkibində həmın qiymətli əşyaların qablaşdırıldığı qutuları Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd göstəriblər.

Mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinin vaxtında qarşısının alınması məqsədilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. 2009-cu il sentyabrın 17-də, saat 23:30 radələrində Xaçmaz rayonu ərazisindəki dəniz sahilində Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayev qardaşları Firuz Fətullayevin idarə etdiyi "01 BX 554" dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomaşını ilə həmin əraziyə gələrək, külli miqdarda müxtəlif çeşidli əşyalarla dolu qutuları iki rezin qayıq vasitəsilə Rusiya tərəfdən sərhədi pozaraq, Azərbaycanın ərazi sularına daxil olmuş yüksəksürətli, 8 metr uzunluğu olan katerə daşıyıb, yüklədikləri vaxt cinayət başında yaxalanıblar.

Əməliyyat keçirilərkən mütəşəkkil dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusitəyinatlı dəstəsinin tabe olmaq barədə tələblərinə əməl etməyib, əksinə, odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Nəticədə, cavab atəşi ilə Natiq Fətullayev zərərsizləşdirilib, dəstənin digər üzvü Yunus Bediqov isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti