...

Azərbaycanda dövlət qulluqçularının etik davranışıyla bağlı mütəmadi monitorinq aparılır - Prezident yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri (MÜSAHİBƏ)

Cəmiyyət Materials 23 İyun 2010 10:59 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri Bəhram Xəlilovun Trend-ə müsahibəsi
Azərbaycanda dövlət qulluqçularının etik davranışıyla bağlı mütəmadi monitorinq aparılır - Prezident yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri Bəhram Xəlilovun Trend-ə müsahibəsi

- Bəhram müəllim, dövlət qulluğunda qəbulda iştirak edən namizədlərin bilik səviyyəsi sizi qane edirmi? Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bir neçə gün öncə keçirdiyi müşavirədə dövlət qulluğuna qəbulda iştirak edən namizədlərin bilik səviyyəsinin aşağı olduğunu bildirmişdi.

- Deməzdim ki, qısa müddət ərzində namizədlərin bilik səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Fikrimcə, məsuliyyət həmişə namizədlərin öz üzərinə düşür. Hər bir şəxs ali təhsil alanda diploma görə təhsil almamalıdır. Dövlət qulluğunda işləmək arzusunda olan hər bir şəxs dərk etməlidir ki, o öz karyerasını qurmaq istəyirsə, bu vəzifədə işləmək istəyirsə, öz üzərində çalışmalıdır. Namizədlər arasında elələrinə rast gəlinir ki, onlar hərtərəfli yüksək səviyyəyə malikdir. Çalışırıq, belə namizədlərin dövlət qulluğunda gələcək fəaliyyətini izləyək.
Elə namizədlər də var ki, test suallarına cavab verirlər, amma müsahibədə seçdikləri vəzifələrə uyğun gəlmirlər. Bu o demək deyil ki, həmin namizədin biliyi yoxdur, səviyyəsi aşağıdır. Olur ki, həmin namizədlər vəzifəni düzgün seçmirlər.
Elə namizədlər də var ki, müsahibədə 4-5 dəfə iştirak edib, sonra dövlət qulluğuna qəbul ediliblər. Baxmayaraq ki müsahibə də əvvəlki qaydada aparılıb, meyarlar da eynidir. Bu zaman vəzifə tələbi, dövlət orqanının funksiyalarını nəzərə alaraq, onun vəzifəyə uyğunluğu müəyyən edilir.
Sonuncu müsabiqədə namizədlərin böyük qismi (hər 3-4 namizəddən biri) ikinci mərhələni də keçib. Bundanəvvəlki müsabiqələrdə ikinci mərhələdən namizədlərin az qismi keçmişdi.

- Dövlət qulluğunda çalışanlar arasında xarici dil bilənlər azdır. Bu, hansı problemlər yaradır?

- Xaricdə təşkil olunmuş təlimlərdə iştirak etmək üçün ingilis dilini bilən dövlət qulluqçusu tapa bilmirdik. Hazırda nazirlik, komitə, Prezident Administrasiyası, yerli icra hakimiyyəti, bizim komissiyanın, məhkəmə orqanlarının nümayəndələrindən ibarət 10 nəfər dövlət qulluqçusu Koreyada təlim keçir. Onların təlimləri rus dilində aparılır.
Almaniyada bizim dövlət qulluqçularına Azərbaycan dilində təlim keçmək üçün iş aparırıq. Dövlət qulluqçusunun xarici dil bilməsi onun inkişafı, peşəkarlığının artırılması, beynəlxalq təcrübəni öyrənməsi üçün vacibdir. Xüsusən də beynəlxalq əlaqələr bölmələrində, hüquq, qanunvericilik şöbələrində çalışan dövlət qulluqçularının xarici dil bilmələri zəruridir.

- Dövlət qulluqçularının etik davranışları ilə bağlı komissiyaya şikayətlər daxil olurmu?

- Dövlət qulluqçularının etik davranışıyla bağlı dövlət orqanlarından mütəmadi məlumatlar toplayır, monitorinqlər aparırıq. Dövlət qulluqçularının etik davranışlarının yüksəldilməsi işinə, ilk növbədə, onlara təlim keçməklə başladıq.
Hər altı aydan bir komissiya dövlət qulluqçularının etik davranışı ilə bağlı dövlət orqanlarından məlumat toplayır. Həmin məlumatları Korrupsiyaya Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasına təqdim edirik.
Bu ilin altı ayı ilə bağlı belə bir hesabat üzərində işləyirik və yaxınlarda məlumatlar Dövlət Komissiyasına təqdim ediləcək.
Əvvəllər bu pozuntulara görə, dövlət qulluğundan azadedilmə halları olub, həmin dövlət qulluqçuları barəsində intizam tənbehi tədbirləri də həyata keçirilib.
Hesab edirəm, bu sahədə işi daha da gücləndirməliyik. Komissiyanın bu məsələ ilə bağlı səlahiyyətləri məhduddur. Dövlət qulluqçularının etik davranışı ilə bağlı komissiyaya daxil olan hər müraciəti müvafiq dövlət orqanı ilə birgə araşdırıb, lazımi tədbirlər görmüşük. Bir çox hallarda müraciətlərdəki şikayətlər təsdiqini tapıb. Belə olan halda, həmin dövlət qulluqçusu barəsində intizam tənbehi tədbirləri tətbiq olunur. Bu tədbirlər sırasına dövlət qulluğundan  xaricetmə də daxildir.

- Dövlət qulluğuna qəbulda, müsabiqə və imtahanlarda daha hansı yeniliklər nəzərdə tutulur?

- Mütəmadi olaraq bu proses təkmilləşdirilir. Biz təcrübəmizi təhlil edirik. Namizədlər arasında anonim sorğular keçiririk. Həmin sorğular təhlil olunandan sonra, zərurət yarandığı halda, hansısa yeniliklərin, dəyişikliklərin olunması ilə bağlı təkliflə çıxış edirik.
Əsas məqsədimiz odur ki, müsabiqə prosesi uzanmasın, kampaniya şəklini almasın.
Əgər hansısa qurumda vakant vəzifə varsa, dərhal elan verilsin, sənəd qəbulu başlanılsın. İmtahan sənəd qəbulundan az sonra keçirilsin. İmtahanın ardınca çox vaxt keçmədən müsahibə aparılsın. Müsabiqənin müddətini mümkün qədər azaltmağa çalışırıq. İmtahanların keçirilməsi üçün yaradılan şərait də imkan verir ki, bu proses sürətlə aparılsın, dövlət qulluğuna qəbul gündəlik iş rejiminə çevrilsin.

- Dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsi prosesi hansı mərhələdədir? Qiymətləndirmə hansı meyarlar əsasında aparılacaq?

- Bu ilin sonlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılması nəzərdə tutulub. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, ilkin olaraq, pilot layihə kimi bir sıra dövlət qurumlarında aparılacaq. Sonradan bütün dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək.
Komissiya GTZ və BMT-nin İnkişaf Proqramı ilə birgə bu istiqamətdə işini davam etdirir. Bunun üçün maliyyə vəsaiti lazımdır. Bu işə beynəlxalq tərəfdaşlarımızı cəlb etmişik. Pilot dövlət orqanı seçib qiymətləndirmə aparılacaq, nəticələr təhlil olunacaq.
Qiymətləndirmə müvafiq meyarlar üzrə aparılmalıdr; ilk növbədə, hər bir dövlət qulluqçusunun gördüyü işin nəticələri əsasında keçirilməlidir. Dövlət qulluqçusunun işini vaxtında görməsi, işə yanaşması, kollektivlə münasibəti və s. amillər nəzərə alınacaq. Qiymətləndirmə nəticəsində, dövlət qulluqçusunun zəif tərəfləri müəyyən ediləcək.
Bunun nəticəsində biz təlim ehtiyaclarını da öyrənmiş oluruq. Ehtiyacları da qiymətləndirmədən götürməliyik. Bu, dövlət qulluqçularının ixtisas artırılması, peşəkarlığı ilə də bağlıdır. Bu ehtiyaclar aşağıdan-yuxarı gəlməlidir. Təlimlər isə dünya təcrübəsində olduğu kimi, üç istiqamətdə aparılmalıdır. Birinci istiqamət - ümumi təlimlər (kargüzarlıq, etik davranış, komandada işləmək, vaxtın idarə olunması; ikincisi - ixtisas üzrə, üçüncüsü- xüsusi biliklər (kompüter, xarici dil bilikləri) üzrə.
Dövlət qulluqçularının ixtisas artırması məqsədilə ehtiyacın müəyyən edilməsi üçün dövlət orqanlarına müraciət olunub. 200-ə yaxın dövlət orqanında bu ehtiyaclar öyrənilib, ümumiləşdirilib. Bunun nəticəsində, dövlət sifarişinin hazırlanması üçün Nazirlər Kabinetinə təqdim olunub. Ümumiləşdirmə zamanı, əsasən, kadrların idarə olunması sahəsində ixtisasartırmaya ehtiyac duyulduğu müəyyən edilib.

- Dövlət qulluğuna imtahansız qəbulla, komissiya tərəfindən keçirilmiş imtahanlarla qəbul edilmiş dövlət qulluqçularının isə həmin dövlət orqanlarının rəhbərləri tərəfindən sıxışdırılması, vəzifədə irəli çəkilməsinə maneələr yaradılması ilə bağlı fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?

- Bizim keçirdiyimiz müsabiqə ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin həmin dövlət orqanında sıxışdırılması, onun fəaliyyətində süni əngəllər yaradılması fikri ilə razı deyiləm. Çünki onların seçimində həmin dövlət orqanının nümayəndəsi də iştirak edir.
Kiminsə vəzifədə irəli çəkilməsi ilə bağlı problemlərin olması mümkündür. Dövlət qulluğunda 6-9-cu təsnifat daxilində vəzifə yüksəlişi müsahibə əsasında aparılır. Bu müsahibədə sıxışdırılanlar da iştirak edə bilərlər. Odur ki, bu ittihamların əsası yoxdur.
Dövlət orqanlarında kimlərinsə imtahansız dövlət qulluğuna qəbul edilməsini istisna etmirəm. Bu il komissiyaya bununla bağlı məlumat daxil olmayıb. Anonim müraciətlər edirlər. Həmin şəxslərə anonimliklərini qoruyacağımızı vəd etsək də, belə faktları vermirlər. Belə faktlar əvvəllər olub və aşkarlandığı halda tərəfimizdən müvafiq tədbirlər görülüb.
Amma bu halların olduğunu istisna etmirəm. Bu işə bizim komissiya nəzarət etməlidir. Hazırda komissiya imtahan, müsabiqə, təlimlər keçirir. Bu səbəbdən, dövlət orqanlarında yoxlamalar aparmağa vaxt yoxdur. Lakin dövlət qulluqçularının reyestrini tam başa çatdıra bilsək, bu sahədə də problem olmayacaq. Reyestr 8 minə yaxın dövlət qulluqçusunu əhətə edir. Hazırda reyestrin proqram təminatını hazırlayırıq. Proqram təminatı hazırlanarsa, həm reyestr, həm də kadrların idarə edilməsi sistemi kimi işləyəcək.

- Dövlət qulluqçularının maddi-sosial təminatının gücləndirilməsi üçün hansı tədbirlər planlaşdırılır?

- Dövlət qulluqçularına ixtisas dərəcəsinə görə və qulluq stajlarına görə əlavələrin məbləğinin nəzərəçarpacaq dərəcədə artırılması ilə bağlı təkliflər vermişik. Bu, dövlət qulluqçusunun fəaliyyətində bir stimul olar.

Xəbər lenti

Xəbər lenti