...

Azərbaycanın xalq artisti məhkəməyə gəlməkdən imtina edib

Cəmiyyət Materials 12 Yanvar 2011 17:59 (UTC +04:00)
Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanın xalq artisti məhkəməyə gəlməkdən imtina edib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş iştirak etməyib.

Ağayev məhkəməyə məktubla müraciət edərək hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Hazırlıq iclasının qərarı ilə məhkəmə baxışı yanvarın 26-na təyin olunub.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, əvvəllər "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi yaranıb. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Cinayətin iştirakçıları Rüfət Məlikov, Seymur Məmmədov barəsində həbs, Natəvan Şərifova barəsində isə himayəsində azyaşlı uşağı olduğu üçün başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifovaya CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti