...

Azərbaycanın orta məktəblərində müəllim işləmək istəyənlər üçün imtahanların vaxtı iyulun 21-dən açıqlanacaq

Cəmiyyət Materials 2 İyul 2011 11:32 (UTC +04:00)
Azərbaycanın orta məktəblərinə işə qəbul üçün keçiriləcək müsabiqədə iştirak etmək istəyən namizədlər imtahanın keçirilmə vaxtı və yeri barədə məlumatı iyulun 21-dən öyrənə biləcəklər. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycanın orta məktəblərində müəllim işləmək istəyənlər üçün imtahanların vaxtı iyulun 21-dən açıqlanacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərinə işə qəbul üçün keçiriləcək müsabiqədə iştirak etmək istəyən namizədlər imtahanın keçirilmə vaxtı və yeri barədə məlumatı iyulun 21-dən öyrənə biləcəklər. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müəllimlərin işə qəbulu üçün iyulun 1-dən başlanılmış ərizə qəbulu iyulun 15-dək davam edəcək. Elektron ərizələrini təsdiqləmiş namizədlər iyulun 21-dən 25-dək kod və parollarını qeyd etməklə "Şəxsi kabinet"ə daxil ola və müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edəcəklər. Hər bir namizəd ərizəsində ixtisası üzrə ən çoxu 4 vakant yer qeyd edə bilər.

Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə, kompyuter proqramı tətbiq olunmaqla həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə keçiriləcək. I mərhələdə müsabiqədə iştirak etmək üçün elektron ərizə vermiş namizədlərin təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında kompyuter proqramı vasitəsilə qiymətləndiriləcək, II mərhələdə test imtahanı, III mərhələdə isə müsahibə keçiriləcək.

Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan təşkil edilməyəcək və onların şikayətlərinə baxılmayacaq.

İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə kompyuter proqramı vasitəsilə həyata keçirilir.

Namizədlər "Şəxsi kabinet"ə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.

Müsabiqənin nəticəsinə görə keçid balı toplayan, lakin seçdiyi vakant yerə işə qəbul oluna bilməyən müəllimlərə tədris ili ərzində yaranacaq vakant yerlər təklif edilə bilər. Tədris ili başa çatdıqdan sonra onlar bu hüququ itirirlər.

Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün ümumi testlərin 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

Bu il Azərbaycanın orta məktəblərində 2000-ə yaxın vakant müəllim yeri elan edilib. Onun 800-ə yaxını həvəsləndirmə tədbirləri (müəyyən güzəştlər verilməsi) tətbiq olunan yerlər üzrədir.

Rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisəsində davam etdirən gənc mütəxəssislərə bır sıra həvəsləndirmə tədbirləri tətbiq olunur. Onlara yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 manat məbləğində kompensasiya verilir, yaşayış sahələrinə olan ehtiyaclar ödənilir, torpaq sahələri ayrılır, ipoteka kreditləri verilir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisəsində davam etdirən gənc mütəxəssislərə qeyd edilənlərlə yanaşı, hər ay əmək haqqına 70 manat məbləğində əlavə vəsait verilir.

Xəbər lenti

Xəbər lenti