...

Azərbaycanda müəssisə rəhbərləri bəzi işçiləri barədə tibbi məlumatları elektron yolla öyrənəcəklər

Cəmiyyət Materials 30 Aprel 2012 12:46 (UTC +04:00)
Azərbaycanda müəssisə rəhbərləri obliqat qrupuna daxil olan, yəni işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan şəxslər barədə məlumatları elektron yolla, maneəsiz, dolğun şəkildə əldə edə biləcəklər
Azərbaycanda müəssisə rəhbərləri bəzi işçiləri barədə tibbi məlumatları elektron yolla öyrənəcəklər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəssisə rəhbərləri obliqat qrupuna daxil olan, yəni işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan şəxslər barədə məlumatları elektron yolla, maneəsiz, dolğun şəkildə əldə edə biləcəklər. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, xidmətdən istifadə ödənişsizdir. Elektron xidmətin istifadəçiləri mülkiyyət formasından asılı olmayaraq, ilkin və dövri tibbi müayinədən keçməsi tələb olunan işçiləri olan idarə, müəssisə və təşkilatlardır.

Elektron xidmətdən istifadə üçün ilkin olaraq http://e-health.gov.az/tmks internet ünvanında qeydiyyatdan keçmək lazımdır. Bunun üçün müəssisə rəhbəri və ya məsul şəxs müəssisənin VÖEN-ini və şəxsiyyətini təsdiq edən sənədin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir.

İlkin və dövri tibbi müayinədən keçməsi tələb olunan işçiləri haqqında məlumatların əldə edilməsi üçün məsul şəxs siyahıdan müəssisəni seçərək qeydiyyat zamanı təyin etdiyi şifrəni daxil etməlidir.

Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün olmayacaq.

Bununla yanaşı, Azərbaycanda obliqat qruplara aid vətəndaşlar özləri də tibbi müayinələrdən keçmələri barədə məlumatları elektron yolla əldə edə biləcəklər. Bu xidmətin tətbiqi nəticəsində müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar (obliqat qruplar) keçdiyi tibbi müayinələr və onların nəticələri
haqqında məlumatları maneəsiz tez bir zamanda əldə edə biləcəklər.

Elektron xidmətdən istifadə ödənişsizdir. Bu xidmətdən istifadə üçün şəxs əvvəlcə nazirliyin saytında qeydiyyatdan keçməli, daha sonra isə tibbi müayinə kartının üzərində olan unikal kodunu və şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin etməlidir.

Xəbər lenti

Xəbər lenti