...

Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı layihənin icrasına başlanıb

Cəmiyyət Materials 3 Avqust 2012 09:55 (UTC +04:00)
"Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək" adlı layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılır və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib.
Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı layihənin icrasına başlanıb

Azərbaycan, Bakı, 3 avqust / Trend müxbir K.Zərbalıyeva/

Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyasına kömək edəcək layihənin icrasına başlanıb.

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin başladığı "Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək" adlı layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılır və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib.

Layihənin fəaliyyətinin əsasını cəzaçəkmə müəssisələrində olan gənclərin azadlığa çıxışa hazırlanmasının təşkili, müəssisələri tərk edən gənclərin öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların xidmətlərə yönləndirilməsi təşkil edir.

Maarifləndirmə işinin aparılması azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.

Azadlığa çıxmış gənc məhkumların sosial və hüquqi problemlərinin həll olunması, onlara bu sahədə yardım edilməsi üçün müvafiq dövlət orqanları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə bu sahədə ixtisaslaşmış ictimai təşkilatlarla, bu sıradan Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi Təşkilatının yaratdığı Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi ilə sıx əməkdaşlıq ediləcək.

Bundan başqa, layihə çərçivəsində bir sıra gənclər təşkilatlarının bu sahədə xidmət göstərmək istiqamətində ixtisaslaşmasına da kömək ediləcək. Bunun üçün 30-a yaxın QHT təmsilçisinə bu sahədə xüsusi təlimlər keçiləcək. Layihə çərçivəsində xüsusi maarifləndirici bukletlər və bülletenlər nəşr olunacaq. Bütün bu göstərilən faliyyətlərə paralel olaraq cəmiyyətin keçmiş məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq.

Xəbər lenti

Xəbər lenti