...

Bütün ixtisas qrupları üzrə imtahan vermiş oğlan abituriyentlər Türkiyənin ali hərbi məktəbinə kursant qəbulu müsabiqəsində iştirak edə bilərlər

Cəmiyyət Materials 8 Avqust 2012 14:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edib.
Bütün ixtisas qrupları üzrə imtahan vermiş oğlan abituriyentlər Türkiyənin ali hərbi məktəbinə kursant qəbulu müsabiqəsində iştirak edə bilərlər

Azərbaycan, Bakı, 8 avqust / Trend müxbir K.Zərbalıyeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edib.

TQDK-dan Trend-ə verilən məlumata görə, ali təhsil ocağında tədris 4 il müddətində türk dilində, əyani aparılacaq.

Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.

Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan və rus bölmələrində bütün qruplar üzrə test üsulu ilə keçirilən qəbul imtahanında 250 və daha yüksək bal toplamış namizədlərdən 16-20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilər.

Müsabiqədə həmçinin yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası), sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış alan, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər iştirak edə bilər.

Müsabiqə nəticəsində seçilmiş 50 nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 8-dən avqustun 14-dək saat 10:00-dan 17:00-dək TQDK-ya müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti