...

Azərbaycan vətəndaşları Yeni ili harada keçirməyə üstünlük verirlər?

Cəmiyyət Materials 29 Noyabr 2012 12:04 (UTC +04:00)
Ötən ilə nisbətən bu il Yeni ili Azərbaycanda keçirməyə üstünlük verən ölkə vətəndaşlarının sayı artıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Azərbaycan vətəndaşları Yeni ili harada keçirməyə üstünlük verirlər?

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ötən ilə nisbətən bu il Yeni ili Azərbaycanda keçirməyə üstünlük verən ölkə vətəndaşlarının sayı artıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Yeni ili Azərbaycanda keçirməyə üstünlük verən vətəndaşların sayının artmasının başlıca səbəbi ölkənin turizm potensialının artması, infrastrukturun yaxşılaşması, yeni hotellərin açılmasıdır. Artıq ölkədəki hotel və turizm şirkətləri Yeni illə əlaqədar paketlərini hazırlayıblar. Bu paketlərin sayı və çeşidi ötən ilə nisbətən daha çoxdur. Bu paketlər sayəsində insanlar Yeni ili Bakıdakı hotellərlə yanaşı, müxtəlif bölgələrdə də keçirə biləcəklər.

Assosiasiya sədri deyib ki, ötən illərdə olduğu kimi bu il də Azərbaycan vətəndaşları Yeni ili daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və Avropa, daha sonra isə Asiya ölkələrində qeyd etmək istəyirlər.

Amma Bağırovun fikrincə, yalnız Yeni ili keçirmək üçün xarici ölkəyə getmək düzgün deyil.

Onun sözlərinə görə, xarici ölkəyə gedən vətəndaşlarımız da Yeni ili eyni proqramla Bakıda fəaliyyət göstərən "Hilton", "Four seasons", "Jumeirah" kimi hotellərdə keçirə bilərlər. Ən əsas amil isə Azərbaycanda Yeni il paketlərinin qiymətlərinin münasib və Avropa qiymətlərindən ucuz olacağıdır.

"Yeni il mövsümündə Avropada və başqa yerlərdə bütün hotellərin qiymətləri 2-3 dəfə artır. Amma biz müqayisə etdikdə görürük ki, Azərbaycanda qiymətlər daha ucuzdur. Ona görə də Yeni ili Azərbaycanda keçirmək daha sərfəlidir", - Bağırov deyib.

O əlavə edib ki, Yeni il ilə əlaqədar Azərbaycandakı turizm şirkətləri və hotellər müştəriləri üçün xidmətlərin qiymətlərini artırmayacaqlar və belə cəhdlər də hələ müşahidə edilməyib. Yeni il üçün aviabiletləri əvvəlcədən alan sərnişinlər onu ucuz qiymətə əldə ediblər, lakin vaxt yaxınlaşdıqca eyni istiqamət üzrə olan həmin biletin qiyməti artır.

"Onu deyim ki, Yeni il dövründə dünyada hotellər qiymətləri qaldırırlar. Dekabrın 29-dan yanvarın 2-3-dək bütün yerlərdəki hotellərdə qiymətlər artır. Bu, o demək deyil ki, qiyməti turizm şirkəti qaldırdı. Hotellər qiymətləri qaldıranda turizm şirkətlərinin paketlərinin qiymətləri də artır. Çox adam elə bilir ki, turizm şirkəti bundan artıq pul götürmək istəyir. Ancaq bu, həqiqətə uyğun deyil", - Bağırov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti