...

Belarus həkimləri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsini davam etdirirlər

Cəmiyyət Materials 3 Yanvar 2013 10:59 (UTC +04:00)
Azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaq məqsədilə yanvar ayında Belarusun müxtəlif sahələr üzrə çalışan bir qrup həkiminin ölkəmizə səfəri gözlənilir. Bunu Trend-ə Respublika Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev deyib.
Belarus həkimləri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsini davam etdirirlər

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaq məqsədilə yanvar ayında Belarusun müxtəlif sahələr üzrə çalışan bir qrup həkiminin ölkəmizə səfəri gözlənilir. Bunu Trend-ə Respublika Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev deyib.

Onun sözlərinə görə, Belarusun bir qrup mütəxəssisinin - Belarus Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Amerika Diabet Assosiasiyasının üzvü, dosent Alla Şepelkeviç, baş mama-ginekoloqu, dosent Aleksandr Barsukov, aparıcı nevropatoloq, tibb elmləri namizədi Vyaçeslav Vaşilin və Diplomdan Sonrakı Tibb Akademiyasının Uşaq nevrologiyası kafedrasının dosenti Yelena İvaşinanın Bakıya səfəri ötən il dekabrın 29-da başa çatıb. Belarus həkimləri artıq ikinci dəfədir ki, bu mərkəzdə işləyiblər.

"Bu əməkdaşlıq sayəsində bizim gənc mütəxəssislərimiz müxtəlif patologiyalı xəstəliklərin müalicə və diaqnostikasında beynəlxalq təcrübədən yararlana bilirlər. Respublika Müalicə Diaqnostika Mərkəzi müasir diaqnostik avadanlıqlarla təmin olunub. Burada ürək, damar, reproduktiv orqanlar daxil olmaqla, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirmək mümkündür. Belə avadanlıqla təminat Belarus mütəxəssislərinə öz professional imkanlarını göstərməyə imkan verir", - baş həkim deyib.

Belarusun baş mama-ginekoloqu, dosent Aleksandr Barsukov Trend-ə bildirib ki, azərbaycanlı həmkarları ilə birlikdə gələcəkdə yüksək texnologiyalı əməliyyatlar həyata keçirməyi nəzərdə tuturlar. Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycana baş tutan səfər çərçivəsində bir neçə əməliyyat həyata keçiriblər.

Azərbaycanın Diaqnostik Mərkəzinin vəziyyətindən razı qalan ginekoloq bildirib ki, Belarusdan daha bir neçcə mütəxəssis Azərbaycana gələcək və bununla da əməkdaşlıq davam etdiriləcək.

Belarus Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Amerika Diabetik Assosiasiyasının üzvü Alla Şepelkeviç deyib ki, səfərləri zamanı sosial əhəmiyyətli xəstəliklər üzrə master-klasslar və seminarlar keciriblər. O, belə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Diplomdan Sonrakı Tibbi Akademiyasının Uşaq nevrologiyası kafedrasının dosenti Yelena İvaşina isə hesab edir ki, əsas məqsədlərdən biri gənc həkimləri uşaq nevrologiyasının başlıça məsələləri ilə tanış etmək idi. O qeyd edib ki, Belarusda tibbin bu sahəsinə böyük diqqət yetirilir, 500 qram çəkidə doğulan uşaqlara ixtisaslaşmış nevroloji yardımların göstərillməsi üçün yaxşı imkanlar var. Mərkəzlə əməkdaşlıq çərçivəsində müxtəlif yaş qrupları üzrə uşaqlara nevroloji baxışın keçirilməsi ilə bağlı həkimlər üçün master-klasslar, uşaqların sinir sistemi xəstəlikləri ilə bağlı müalicə-konsultativ yardımlar həyata keçirilib.

Belarusun aparıcı nevropatoloqu, tibb elmləri namizdi Vyaçeslav Vaşilin deyib ki, Respublika Tibbi Diaqnostika Mərkəzində nevroloji xəstələrə diaqnoz və yüksək keyfiyyətli xidmət göstərilməsi üçün bütün imkanları var.

"Belarus həkimləri kimi, Azərbaycan həkimləri də təcrübələrini zənginləşdirirlər. Mən Mərkəzin yüksək texnologiyalı tibb xidmətlərini genişləndirməsini təsdiqləyə bilərəm", - aparıcı nevropatoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti