...

Azərbaycanda müəssisələrdən elmi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq alması tələb olunacaq

Cəmiyyət Materials 29 Aprel 2013 15:09 (UTC +04:00)
Azərbaycanda elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq alması nəzərdə tutulur.
Azərbaycanda müəssisələrdən elmi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq alması tələb olunacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq alması nəzərdə tutulur.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, dövlət elmi müəssisə və təşkilatlara xüsusi razılıq müddətsiz veriləcək. Digər hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş elmi müəssisə və təşkilatlara isə xüsusi razılıq 5 il müddətinə veriləcək.

Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində elmi fəaliyyətlə məşğul olması üçün aldıqları xüsusi razılığın Azərbaycanda tanınması dövlətlərarası müqavilələrlə müəyyən ediləcək.

Layihəyə görə, xüsusi razılığı olmayan elmi müəssisə və təşkilatların fəaliyyətinə yol verilmir. Onların verdikləri elmi dərəcə və adlar da tanınmayacaq.

Elmi fəaliyyətin bəzi növlərinə xüsusi razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada xüsusi şərtlər əsasında verilə bilər.

Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəzi elmi nəticələrə məxfilik qrifi qoymaq və məxfilik qrifinə əməl olunmasına nəzarət etmək, elmi fəaliyyətin bəzi növlərini sertifikatlaşdırmaq hüququna malikdir.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti