...

Azərbaycanda şəhid ailələrinin övladlarını təhsildə və işə qəbulda imtiyazlar gözləyir

Cəmiyyət Materials 16 May 2013 16:12 (UTC +04:00)
Azərbaycanda şəhid ailələrinin övladlarına dövlət qulluğuna qəbulda və ödənişli təhsildə güzəştlərin edilməsi təklif olunur.
Azərbaycanda şəhid ailələrinin övladlarını təhsildə və işə qəbulda imtiyazlar gözləyir

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda şəhid ailələrinin övladlarına dövlət qulluğuna qəbulda və ödənişli təhsildə güzəştlərin edilməsi təklif olunur.

Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, şəhid övladı ali məktəbin ödənişli ixtisaslarına qəbul olarsa və ya özəl ali məktəblərə qəbul olarsa, o zaman onların ödənişini dövlət öz boynuna götürməlidir.

"Belə imtiyazlar məcburi köçkün və qaçqın ailələrinin övladlarına şamil edilirsə, şəhid övladlarına da şamil edilməlidir", - o deyib.

Millət vəkili, həmçinin şəhid ailəsinin övladlarından birinin dövlət qulluğuna imtiyazla qəbul edilməsinin də tərəfdarı olduğunu qeyd edib. Deputat hesab edir ki, ali təhsilli şəhid övladı dövlət qulluğuna testdən kənar, güzəştlə dövlət qulluğuna işə götürülməlidir.

O bildirib ki, ölkədə dövlət qulluğuna vakant yerlərin sayı otuz mindən çox, şəhid ailələrinin övladlarının sayı isə min nəfərdən çox olduğundan onların işə qəbulunda heç bir problem yaranmayacaq.

Quliyev təkliflərini Milli Məclisin sədri Oqtay Əsədova təqdim edəcəyini bildirib: "Ümid edirəm ki, bu təkliflər qanunvericiliyə müvafiq qaydada əlavə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti