...

"ASAN xidmət" mərkəzlərində 120 minə yaxın vətəndaşa xidmət göstərilib

Cəmiyyət Materials 5 İyun 2013 16:50 (UTC +04:00)
Yanvar ayının 15-dən etibarən "ASAN xidmət" mərkəzlərində 120 min nəfərə yaxın vətəndaşa xidmət göstərilib. Bunlardan 102 mini 1 saylı "ASAN xidmət" mərkəzinin, 18 mini isə Sumqayıtdakı "ASAN xidmət" mərkəzinin payına düşür. Cəmi bir neçə gündür fəaliyyət göstərməsinə baxmayaraq, səyyar "ASAN xidmət" avtobuslarında 1000-dən artıq vətəndaşa xidmət göstərilib.
"ASAN xidmət" mərkəzlərində 120 minə yaxın vətəndaşa xidmət göstərilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Yanvar ayının 15-dən etibarən "ASAN xidmət" mərkəzlərində 120 min nəfərə yaxın vətəndaşa xidmət göstərilib. Bunlardan 102 mini 1 saylı "ASAN xidmət" mərkəzinin, 18 mini isə Sumqayıtdakı "ASAN xidmət" mərkəzinin payına düşür. Cəmi bir neçə gündür fəaliyyət göstərməsinə baxmayaraq, səyyar "ASAN xidmət" avtobuslarında 1000-dən artıq vətəndaşa xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Bakıda Xətai rayonunda 2 saylı "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirdiyi brifinqdə deyib.

Onun sözlərnə görə, bu gün saat 10:00-dan etibarən isə 2 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb: "Bu mərkəzin xidmətlərindən Bakının Xətai, Suraxanı və Nizami rayonlarının sakinləri yararlana bilərlər. Bu da 800 mindən artıq əhali deməkdir. 2 saylı "ASAN xidmət" mərkəzi Nobel prospekti, 23 ünvanında, "AMAY" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir".

Qeyd edək ki, avqust ayında Bakının Yasamal rayonunda 3 saylı "ASAN xidmət" mərkəzi, ilin sonuna kimi isə Gəncə şəhərində "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Gəncədəki mərkəzin fəaliyyəti şəhər ətrafında yerləşən regionları əhatə edəcək. Bu ilin sonuna kimi "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərməyəcəyi rayonlarda isə "ASAN xidmət" səyyar formada fəaliyyət göstərəcək. Xüsusi, texniki avadanlıqlarla təchiz edilmiş avtobuslar respublikanın müxtəlif rayonlarında xidmət göstərəcək:

"Artıq bu gündən etibarən Şirvan şəhərində səyyar xidmət avtobusu Şirvan və Hacıqabul əhalisi üçün xidmət göstərməyə başlayıb. Digər avtobus isə Xırdalan şəhərində Abşeron rayon əhalisinə xidmət göstərir. Həmin avtobus bu həftədən etibarən Quba şəhərinə yollanacaq, daha sonra ardıcıllıqla Şamaxı, İsmayıllı və Balakən rayonlarına qədər olan marşrut üzrə fəaliyyət göstərəcək. O cümlədən, cənub istiqamətində hərəkət edən avtobus Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Masallı, bir sözlə, bütün cənub rayonlarını əhatə edəcək. Səyyar xidmət avtobuslarının hər bölgədə qalma müddəti təxminən 15 gündür. Bu avtobuslar hələlik müəyyən edilmiş marşrutlar üzrə cənub və şimal istiqamətlərində fəaliyyət göstərəcəklər. Bu marşrutlar bitdikdən sonra respublikanın mərkəzi regionları və sərhəd bölgələrində əhaliyə xidmət göstəriləcək".

İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşlara birbaşa xidmət göstərən dövlət qurumu deyil:

"Bizim əsas funksiyamız "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini təşkil etməkdir və bu mərkəzlərdə birbaşa aidiyyəti dövlət qurumları tərəfindən xidmət göstərilir. Bunlar 9 dövlət qurumudur. "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin siyahısı Azərbaycan Prezidentinin fərmanı ilə müəyyən edilib və gələcəkdə fərmanla xidmətlərin dairəsi genişlənərsə, bizim də vəzifəmiz bu xidmətləri təşkil etmək olacaq".

"ASAN xidmət" mərkəzlərində özəl sektor üzrə xidmət edən qurumların seçimi məsələsinə aydınlıq gətirən İnam Kərimov bildirib ki, hər yerdə olduğundan ən ucuz xidmət göstərəni seçilir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində 9 dövlət qurumu tərəfindən 25 hüquqi və 22 funksional yardımçı xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti