...

İyulun 14-də Azərbaycanda III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edənlərin 74 faizə yaxını qızlardır

Cəmiyyət Materials 12 İyul 2013 11:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Trend-in məlumatına görə, bunu cümə günü keçirilən mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib.
İyulun 14-də Azərbaycanda III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edənlərin 74 faizə yaxını qızlardır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Trend-in məlumatına görə, bunu cümə günü keçirilən mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib.

Babayevin sözlərinə görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçiriləcək. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

Onun sözlərinə görə, III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini isə qızlar təşkil edir.
15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2423 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Babayev deyib ki, Bakı şəhərində 12246, Naxçıvanda 2014, Gəncədə 3567, Sumqayıtda 1717, Mingəçevirdə 1304, Şəkidə 1858, Ağcabədidə 1205, Göyçayda 1324, Şirvanda 1028, Lənkəranda 1703, Qubada isə 973 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər - şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsi"ni.

Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti