...

Səfir: İran Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı yalnız öz payından istifadə edir

Cəmiyyət Materials 31 İyul 2013 12:06 (UTC +04:00)
İran və Azərbaycan 42 ildən çoxdur ki, Araz çayından istifadə üzrə əməkdaşlıq edir və bunun üçün müəyyən müqavilə var.
Səfir: İran Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı yalnız öz payından istifadə edir

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan 42 ildən çoxdur ki, Araz çayından istifadə üzrə əməkdaşlıq edir və bunun üçün müəyyən müqavilə var. İran Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı yalnız öz payından istifadə edir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün Qüds günü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfir deyib ki, bu məsələdə Azərbaycan tərəfinin razılığı mövcuddur, ona görə ki, hər iki tərəfin öz payından istifadə haqqı var: "Azərbaycanda Urmiya gölünün vəziyyəti ilə bağlı məsələyə həssas yanaşılması başadüşüləndir. Bu layihənin hələ təzə təməli qoyulub və icrası üçün 2-3 il vaxt lazımdır. Araz çayından artıq və əlavə su Urmiya gölünə ötürüləcək. Güclü yağıntıların çoxluğu nəticəsində bəzi vaxtlar Araz çayında suyun səviyyəsi arıtır və daşqınlar əmələ gətirir, hazırlanan xüsusi mexanizm nəticəsində artıq su Urmiya gölünə axıdılacaq".

Xatırladaq ki, iyulun 27-dən İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi və ölkənin energetika naziri Məcid Namjunun iştirakı ilə Urmiya gölünə və Mərənd çölünə Araz çayının suyunun axıdılması planının icrasına başlanılıb. Layihənin icrası üçün xarici investorla 875 milyon avro dəyərində investisiya müqaviləsi imzalanıb. Həmin plana əsasən, Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub. Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapacaq.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Ardıcıl quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir. İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb. Bundan əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti