...

AMEA prezidenti Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2013 10:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbində (BANM) olmuş, professor-müəllim heyəti və tələbələrlə görüşmüşdür.
AMEA prezidenti Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbində (BANM) olmuş, professor-müəllim heyəti və tələbələrlə görüşmüşdür.

BANM-dən Trend-ə verilən məlumata görə, ali məktəbin tələbələrinin, professor-müəllim heyətinin, idarəetmə qurumlarının işçilərinin və AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun əməkdaşlarının iştirakı ilə akt zalında keçirilən görüşdə qonağı salamlayan rektor Elmar Qasımov bu görüşün ölkə ictimaiyyətinin bu günlərdə geniş surətdə qeyd etdiyi əlamətdar bir tarixə - ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünə təsadüf etməsini xüsusilə qeyd etmişdir. O, YAP-ın bugünkü Azərbaycanın inkişafının aparıcı qüvvəsi olduğunu vurğulamış və 21 il ərzində partiyanın müasir Azərbaycanın dinamik inkişafının təmin olunmasında əvəzsiz rol oynadığını çoxsaylı faktlarla aşkarlamışdır.

Mötəbər qonağın yeni yaranmış ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini bildirən rektor Elmar Qasımov daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, Bakı Ali Neft Məktəbinin yaranmasının bunun əyani təzahürü olduğunu vurğulamış, Bakı Ali Neft Məktəbinin yaranma tarixi, 2 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar, tələbələrin 26-nın Prezident təqaüdünə layiq görüldüyünü, 2012-ci ildə qəbulda orta balın 631, 2013-cü ildə 656 olduğu, tələbələrə 1-ci tədris ilində intensiv şəkildə ingilis dilinin və informasiya-kommunikasiya texnologiyalarının tədris olunduğu, mütəxəssis hazırlığının isə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisası üzrə tədris proqramları əsasında həyata keçirildiyi, cari ildə yeni "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına tələbə qəbul edildiyi haqqında geniş məlumat vermişdir.

O, tədris prosesinin gedişinə, aralıq və semestr imtahanlarının təşkilinə və biliklərin qiymətləndirilməsinə nəzarətin tamamilə partnyor universitet tərəfindən həyata keçirilməsi hesabına şəffaflığın və obyektivliyin tam təmin olunduğunu xüsusilə vurğulamış və bu məqsədlə strukturda xüsusi Keyfiyyətin təminatı şöbəsinin fəaliyyət göstərdiyini qeyd etmişdir.

Elmar Qasımov Ali Məktəbdə tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsinin prioritetdə olduğunu vurğulamış, bu məqsədlə ARDNŞ-nin müəssisələri və Bakıda fəaliyyət göstərən transmilli şirkətlər (BP, Total, Statoyl, Halliberton) ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirmişdir. O, tədris prosesinin elmi fəaliyyətlə sıx vəhdətdə olmasının vacibliyini qeyd edərək elmi qurumlarla əlaqələrin genişləndirilməsinə səy göstərildiyini vurğulamış, artıq NKPİ-nin əməkdaşlarının BANM-də tədrisə, tələbələrin isə NKPİ-də işə qəbul olunduğunu bildirmiş, AMEA-nın NKPİ və İnformasiya Texnologiyaları İnstitutu ilə bağlanacaq razılaşmaların bu əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacağını söyləmişdir.

AMEA-nın prezidenti, YAP sədrinin müavini, akademik Akif Əlizadə 2-ci il fəaliyyət göstərməsinə baxmayaraq ölkə ictimaiyyəti arasında nüfuz qazanmış və ali təhsil müəssisələrinin reytinq cədvəlində mütləq lider olan müasir tipli Ali Məktəbin kollektivi ilə görüşdən məmnun olduğunu söyləmiş, kollektivi əldə olunmuş ilk nəticələrlə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illər bu sahələrdə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisələrinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda dəyərli addımlar atıldığını vurğulamış, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırmışdır.

Akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbi ilə AMEA-nın 2 institutu və ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında bağlanacaq razılaşmaların həm təhsilin məzmununa, həm də elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirmiş, gələcəkdə AMEA-nın digər qurumları ilə də əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu və Rəyasət Heyəti tərəfindən belə təşəbbüslərə hərtərəfli dəstək veriləcəyini qeyd etmişdir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Bakı Ali Neft Məktəbinin tələbələri ilə növbəti görüşə gəldiyindən məmnun olduğunu bildirmiş, rəhbərlik etdiyi institutun ilk günlərdən Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etdiyini və bu ilin aprel ayında Bakı Ali Neft Məktəbinin tələbələrinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi" 1-ci elmi-texniki konfransında iştirakının və tələbələrin məruzələrinin onda dərin təəssürat yaratdığını qeyd etmişdir.

Professor Rasim Əliquliyev Bakı Ali Neft Məktəbi ilə İnformasiya- Texnologiyaları İnstitutu arasında bağlanacaq razılaşmanın ən müasir texnologiyaların tədris prosesinə tətbiqinə və elmi-pedaqoji kadrların tədrisə cəlb olunmasına yaxşı imkanlar yaradacağını vurğulamış və rəhbərlik etdiyi institutun kadr potensialının Bakı Ali Neft Məktəbində tədris prosesində iştirakına hərtərəfli dəstək veriləcəyini bildirmişdir.

AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov imzalanan Razılaşma çərçivəsində Bakı Ali Neft Məktəbinə tədris laboratoriyalarının yaradılmasında yardım göstərilməsinin, tələbələrin istehsalat təcrübəsinin bir hissəsinin institutun laboratoriyalarında keçməsi, birgə elmi-tədqiqatlar aparılması, elmi forumlarda iştirak, institutda BANM-in baza kafedrasının yaradılması və institutun əməkdaşlarının tədris prosesinə cəlb olunması üçün şəraitin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.

Daha sonra Elmar Qasımov, Vaqif Abbasov, Rasim Əliquliyev və ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov rəhbərlik etdikləri qurumlar arasında əməkdaşlıq haqqında razılaşmalar imzalamışlar.

Tədbirin sonunda akademik Akif Əlizadəyə Bakı Ali Neft Məktəbinin "Fəxri qonağı" diplomu təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti