...

Azərbaycanda ilk dəfə iş yerlərini dəyişmək istəyən müəllimlər üçün vakansiyalar elan ediləcək

Cəmiyyət Materials 12 Mart 2014 17:03 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq bu il orta məktəb müəllimlərinin işə qəbulu üzrə iyun ayında müsabiqəyə başlamazdan əvvəl yalnız iş yerlərinin yerdəyişməsi üçün vakansiyalar elan ediləcək.
Azərbaycanda ilk dəfə iş yerlərini dəyişmək istəyən müəllimlər üçün vakansiyalar elan ediləcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq bu il orta məktəb müəllimlərinin işə qəbulu üzrə iyun ayında müsabiqəyə başlamazdan əvvəl yalnız iş yerlərinin yerdəyişməsi üçün vakansiyalar elan ediləcək. Trend-in məlumatına görə, bunu bu gün Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa"da çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, iş yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq. Yerdəyişmə edəcək müəllimlər yenidən imtahan verməyəcəklər, çünki onlar artıq orta məktəblərdə müəllim işləyirlər: "Buna görə də onların bir daha imtahan vermələrinə ehtiyac yoxdur. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər".

Nazirlik rəsmisinin sözlərinə görə, yerini dəyişmək üçün bir vakant yerə bir neçə müəllim müraciət edə bilər. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək. Həmin meyarlar onların təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və s.-dir.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə deyib ki, hər bir regionda olduğu kimi, Azərbaycanda da orta məktəblərdə problemlər var. Bunlar əsasən istilik problemi, məktəbə hazırlıq və s. problemlərdir. A.Əhmədov bu problemlərin zaman keçdikcə öz həllini tapacağına ümid etdiyini deyib.

Qeyd edək ki ki, tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayonları təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər, "dəyirmi masa"da Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində təhsilin inkişafı prioritetləri və keyfiyyətin təmin edilməsi haqqında fikirlərini bildiriblər. Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Səfər çərçivəsində media nümayəndələri Salyan şəhərində ən yaşı müəllimlərin "Açıq dərs"lərini müşahidə ediblər, Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti