...

Bakıda şahmat festivalının açılış mərasimi keçirilib

Cəmiyyət Materials 1 Aprel 2014 13:55 (UTC +04:00)
Bu gün Bakıdakı 18 nömrəli orta məktəbdə ümummilli llider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.
Bakıda şahmat festivalının açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıdakı 18 nömrəli orta məktəbdə ümummilli llider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyi tərəfindən təşkil olunan festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. 5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır.

Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, nazirlik tərəfindən hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlər, o cümlədən ənənəvi olaraq məktəblilər arasında şahmat yarışı keçirilir.

Nazir müavininin sözlərinə görə, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir. Belə ki, ötən il uşaq-gənclər şahmat məktəbinin yetirmələri respublika yarışlarda 41, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrosmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar.

C.Bayramov deyib ki, şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş 1 ümumtəhsil məktəbinin II siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti