...

Bakıda sərnişindaşıma ilə bağlı vahid sistem yaradılır

Cəmiyyət Materials 14 Aprel 2014 15:26 (UTC +04:00)
Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib.
Bakıda sərnişindaşıma ilə bağlı vahid sistem yaradılır

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib.

Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılması qərara alınıb.

Qərara əsasən, Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə bu qərarla ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada "BakuBus" MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti