...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün lazımi tədbirləri görür

Cəmiyyət Materials 16 Aprel 2014 15:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün lazımi tədbirləri görür

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görür. Amma bir sıra qurumlar ağacların kəsilməsinin qarşısının alınması üçün onlara həvalə edilən vəzifələri icra etmir. Bunu Trend-ə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

R.Mirzəyev bildirib ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında" 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarına əsasən, torpaq sahələri ayrılarkən ETSN ilə razılaşdırılmalıdır. Həmin qərara uyğun olaraq, ETSN nümayəndələri həmin torpaq sahələrində mövcud ekoloji təsirləri qiymətləndirməlidir. Lakin çox halda icra hakimiyyətləri, bələdiyyələr torpaq sahələri ayırarkən bunu ETSN ilə razılaşdırmırlar. Bununla da bilərəkdən ağacların kəsilməsinə şərait yaradılır: "Biz cərimələr də tətbiq edirik. Bu cərimələrin aidiyyəti qurumlar tərəfindən ödənilməsi çox ləngiyir.

Onun sözlərinə görə, yalnız 2013-cü il və 2014-cü ilin I rübü ərzində Bakı şəhəri üzrə 4 milyon 2 min 600 manatdan çox inzibati cərimə tətbiq edilib. Bunun yalnız 25 500 manatı ödənilib: "Bunun ödənilməsi üçün əsas iddialı olan ETSN gedib məcburi ödəmə etdirmir. Nazirlik qanunvericiliyə uyğun olaraq, bu cərimələrin ödənilməsi üçün icra orqanlarına müraciət edir. İcra qurumları da həmin cərimələrin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görməlidirlər".

R.Mirzəyev bildirib ki, Nazirlər Kabinetinin "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli, 73 saylı qərarına əsasən, meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması qaydaları müəyyənləşib. Bu qaydalara görə də ağacların kəsilməsi, köçürülməsi mütləq ETSN ilə razılaşdırılmalıdır: "Çox hallarda bu, həmin qurumlar tərəfindən, xüsusilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən pozulur və rəylər olmadan ağac kəsintisinə yol verilir. Ağac kəsintisi xüsusilə gecələr baş verir. Polis orqanlarına təqsirkarların tapılması üçün müraciət edəndə onların da müəyyənləşdirilməsi çətin olur. Bu isə onların əksəriyyətinin məsuliyyətdən kənarda qalmasına və belə analoji halların davam etməsinə şərait yaradır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham ƏIiyev 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ağac kəsmənin tam şəkildə dayandırılması barədə tapşırıq verib: "Ekologiya ili" hər il olmalıdır. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbirlər görməliyik. Bu, mənim son xəbərdarlığımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti