...

Altay Həsənov: Son 10 ildə bədii gimnastikamız inanılmaz sıçrayış edib və dünya gimnastika elitasına daxil olub

Cəmiyyət Materials 19 Aprel 2014 19:24 (UTC +04:00)
"Azərbaycan Gimnastika Federasiyası adından hamınızı salamlayıram və bu gözəl, möhtəşəm Milli Gimnastika Arenasına xoş gəlmisiniz deyirəm. İlk növbədə bu müasir, təkrarolunmaz, dünya standartlarına uyğun olan idman qurğusuna görə bütün gimnastika ictimaiyyəti adından dövlət başçısına, hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm".
Altay Həsənov: Son 10 ildə bədii gimnastikamız inanılmaz sıçrayış edib və dünya gimnastika elitasına daxil olub

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Əliyev/

"Azərbaycan Gimnastika Federasiyası adından hamınızı salamlayıram və bu gözəl, möhtəşəm Milli Gimnastika Arenasına xoş gəlmisiniz deyirəm. İlk növbədə bu müasir, təkrarolunmaz, dünya standartlarına uyğun olan idman qurğusuna görə bütün gimnastika ictimaiyyəti adından dövlət başçısına, hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm". Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov yeni tikilmiş Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatının bağlanış mərasimində çıxışı zamanı deyib.

A.Həsənov çıxışında daha sonra bildirib: "Biz federasiya olaraq, idmançılarımız və məşqçilərimiz, ümumiyyətlə, gimnastikaya aid olan insanlar bu günü çox arzulayırdıq və gözləyirdik. Və nəhayət, bizim də gimnastika məkanımız yarandı. Dünyanın çox idman komplekslərini görmüşük, amma inandırım sizi, bizim arena unikal bir tikilidir. Burada hər bir şərait yaradılıb, hər şey incəliyinə kimi düşünülüb. Ona görə də bizə yalnız idmançılarımız və məşqçilərimiz tərəfindən yüksək nailiyyətlər qazanmaq qalır".

AGF-nin vitse-prezidenti deyib ki, son 10 ildə bədii gimnastikamız inanılmaz sıçrayış edib və dünya gimnastika elitasına daxil olub. Onun sözlərinə görə, bu gün bizim idmançılarımız ən titullular sırasındadırlar və onlarla bərabər medallar uğrunda mübarizə aparırlar.

A.Həsənov çıxışında bundan sonra da gimnastlarımızın nailiyyətlərinin daha da artacağına inandığını bildirib və gimnastikanın digər növlərində də idmançılarımızın öz uğurları ilə bizi sevindirmələrini arzulayıb.

Vitse-prezident qeyd edib ki, bu gün növbəti - 21-ci Azərbaycan çempionatı yeni məkanda keçirildi: "Bu dəfə də gimnastika bayramı yaşadıq. Bütün iştirakçıları, qalibləri, məşqçiləri, xoreoqrafları, hakimləri və ümumiyyətlə, aidiyyəti olan insanları, kimin zəhməti olubsa, onları təbrik edirəm və çox sağ olun deyirəm. Xüsusi minnətdarlığımı davamlı qayğısına görə federasiyamızın prezidenti Mehriban xanım Əliyevaya bildirirəm. Azarkeşlərə gəldiklərinə görə təşəkkür edirəm. Bilin ki, sizin dəstəyinizə həmişə ehtiyacımız var".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilib.

Yarışlarda 22 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak ediblər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar.

Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak ediblər.

Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları olub.

Çoxnövçülükdə Marina Durunda ikinci dəfə Azərbaycan çempionu adını qazanıb. Çempionatın gümüş medalını Lalə Yusifova əldə edib. Bürünc medala isə Gülsüm Şəfizadə sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti