...

Azərbaycanda sağlam həyat tərzinin təşviqinə yönəlmiş proqramın əhatə dairəsi genişləndirilir

Cəmiyyət Materials 22 Aprel 2014 13:18 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti arasında "Fəal Ailəm, Sağlam Aləm" (FASA) proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Azərbaycanda sağlam həyat tərzinin təşviqinə yönəlmiş proqramın əhatə dairəsi genişləndirilir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti arasında "Fəal Ailəm, Sağlam Aləm" (FASA) proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir ki, tədbirdə əvvəlcə 2013-cü ildə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş uğurlar və 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı təqdim olunub.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim olunan proqramın Azərbaycanda sağlam və fəal həyat tərzininin təbliğindəki əhəmiyyətli rolundan danışıb, bu kimi sosial idman layihələrinin geniş əhali kütləsinin Bakıda keçiriləcək Avropa Oyunlarına həssaslığının artırılmasında vacib rol oynadığını vurğulayıb: "Əhalinin sağlam həyat tərzi bizim üçün ən vacib amillərdən biridir. Biz işimizi təkcə yarışlarda medal qazanmaqla bitmiş hesab etmirik. Ümid edirəm ki, bizim FASA hərəkatımız bütün Azərbaycanı əhatə edəcək".

O, həmçinin əməkdar artist Tünzalə Ağayeva, olimpiya çempionu Fərid Mansurovun Milli Olimpiya səfirlərinin proqramın uğurlu icrasında vacib rolu olacağını deyib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulu və buna dair Azərbaycan Prezidentinin müvafiq sərəncamı haqqında danışıb.

Onun sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil alanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi həyati zərurətə çevrilib: "2014-cü il ərzində 16 belə müxtəif yarış keçirilib. Burada 5 mindən artıq şagird iştirak edib. Ümid edirəm ki, FASA proqramı həm uşaqların, həm də onların valideynlərinin cəmiyyətin sağlamlığına yönəlmiş prosesə cəlb olunmasına töhfə verəcək".

"Coca-Cola" şirkətinin market-meneceri Qabil Əhmədov isə FASA proqramının 2013-cü ildəki fəaliyyətinin uğurlu nəticəsindən məmnun olduğunu deyib. O, Təhsil Nazirliyinin proqramın rəsmi tərəfdaşı olmağa razılıq verməsini 2014-cü il uğurunun zəmanəti adlandırıb: "Mən şadam ki, FASA proqramı çərçivəsində keçirilən açıq ailə idman turniri 50 mindən çox insanı cəlb edə bilib və ümidvaram ki, gələcəkdə bu yarışlarda Bakı və Azərbaycanın digər regionlarından iştirakçıların sayı artacaq".

Sonda "Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində MOK, Təhsil Nazirliyi və "Coca-Cola" şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Tədbirdə MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, FASA proqramı MOK, "Coca-Cola" və Təhsil Nazirliyi arasında 5 illik əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməkdir. Proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar və idman yarışları təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti