...

Azay Quliyev: Maliyyə hesabatını təqdim etməyən qeyri-hökumət təşkilatları arasında tanınmışları da var

Cəmiyyət Materials 22 Aprel 2014 14:32 (UTC +04:00)
Maliyyə hesabatını təqdim etməyən qeyri-hökumət təşkilatları arasında tanınmışları da var və bu, narahatlıq yaradır.
Azay Quliyev: Maliyyə hesabatını təqdim etməyən qeyri-hökumət təşkilatları arasında tanınmışları da var

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

Maliyyə hesabatını təqdim etməyən qeyri-hökumət təşkilatları arasında tanınmışları da var və bu, narahatlıq yaradır. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

Onun sözlərinə görə, çox acınacaqlı haldır ki, bu gün 1695 QHT aprelin 1-nə qədər qanunvericiliyə uyğun şəkildə özlərinin fəaliyyəti haqqında maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim etməyiblər: "Hesab edirəm ki, bu, çox böyük bir boşluqdur. Orada elə adlar var ki, həqiqətən də kifayət qədər tanınmış QHT-lərdir və bu hal bizdə çox ciddi narahatlıq və təəccüb hissi doğurdu".

Şura sədri bildirib ki, əgər həmin QHT-lər indi onlara verilən əlavə 30 gün müddətində, yəni aprelin 30-na qədər müvafiq qaydada hesabatları təqdim etməsələr, çox ağır sanksiyalarla üzləşəcəklər: "Misal üçün, onlara 5 min manata qədər sanksiya tətbiq edilə bilər - hüquqi şəxslərə, vəzifəli şəxslərə və QHT-lərə. Bunlar üst-üstə gəldikdə onlar 10 min manata yaxın sanksiya ödəməlidirlər".

A.Quliyevin fikrincə, QHT şəffaflığa, aşkarlığa əməl etmirsə, deməli o ümumiyyətlə QHT deyil: "QHT heç zaman bağlı qapı arxasında fəaliyyət göstərməməlidir, QHT-nin heç zaman gizli gündəliyi olmamalıdır, QHT-nin fəaliyyəti heç zaman ictimaiyyətə qapalı olmamalıdır".

Qeyd edək ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əsasən QHT-lər aprelin 1-dən gec olmayaraq maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti