...

Ramiz Zeynalov: Azərbaycanda insanlar gərgin halda sükan arxasında oturmağın fəsadlarını anlamaq istəmirlər

Cəmiyyət Materials 23 Aprel 2014 09:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri məsuliyyətli olmağa çağırıb. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Trend-ə açıqlamasında bildirib ki, bu gün bəzi sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər:
Ramiz Zeynalov: Azərbaycanda insanlar gərgin halda sükan arxasında oturmağın fəsadlarını anlamaq istəmirlər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri məsuliyyətli olmağa çağırıb.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Trend-ə açıqlamasında bildirib ki, bu gün bəzi sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər: "Nəqliyyat tələb edir ki, sükan arxasında oturan insan bütün diqqətini yola yönəltsin. İnsanların fikirli halda sükan arxasında problemləri həll etməyə çalışmaları tamamilə yanlışdır. İndi yollarda nəqliyyatın sayı o qədər çoxdur ki, sürücü gözünü bir anlıq yoldan çəksə, dərhal digər nəqliyyat vasitəsi ilə toqquşar".

R.Zeynalovun sözlərinə görə, təcrübədən görürük ki, Azərbaycanda insanlar çox yorğun halda, psixoloji durumları gərgin olduğu halda sükan arxasında oturmağın fəsadlarını anlamaq istəmirlər: "Məsələn, kənd təsərrüfatı sahəsində çalışan şəxs bütün günü işlədikdən sonra məhsulları avtomobilə yükləyib yorğun halda sükan arxasına oturub onları satmağa gətirir. 5-10 km getdikdən sonra sükan arxasında yuxuya gedir. Bu da böyük faciələrə gətirib çıxarır. Yorğun olanda, ailədə münaqişə olanda, insanların psixoloji vəziyyəti normal olmayanda sükan arxasında oturmaq təhlükəlidir".

R.Zeynalov bildirib ki, eyni zamanda, müəyyən hava şəraiti də sürücülərə təsir edir: "Təhlillərimiz göstərir ki, havanın kəskin şəkildə dəyişməsi və ya maqnit dalğalarının çox olması meteohəssas insanlara mənfi təsir edir və məhz həmin günlərdə hadisələr daha çox olur. Sükan arxasında oturan insan özünün sağlam olmasını, nəqliyyatının texniki cəhətdən saz vəziyyətdə olmasını, özünün bütün diqqətini o yola yönəltmək imkanının olub-olmamasını nəzərə almalıdır. Əks təqdirdə, o, qəza ilə üzləşəcək".

İdarə rəisi xatırladıb ki, 2014-cü ilin ilk 3 ayı ərzində respublikanın yollarında 523 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 232 nəfər ölüb, 499 nəfər yaralanıb. Hadisələrin təhlili göstərir ki, görülən müvafiq tədbirlər nəticəsində ötən ilin analoji dövrü ilə müqayisədə hadisələr 123, ölüm 26, yaralanma isə 192 fakt azalıb.

2013-cü il ərzində Azərbaycan ərazisində 2846 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb.
R.Zeynalov qeyd edib ki, 1991-ci ildə isə 3326 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1281 nəfər ölüb. 1991-ci ildə 2013-cü ilə nisbətən daha çox hadisə və ölüm qeydə alınıb. Özü də o dövrdə nəqliyyatın sayı indikindən 5 dəfə az idi: "1988-ci ildən bəri avtomobillərin sayı 5 dəfə artıb, amma ölənlərin sayı heç də 5 dəfə artmayıb. Belə də olmalıdır. Təhlillər göstərir ki, qəza və ölənlərin sayının minimuma endirilməsi, bunun ən azından 3 dəfə azaldılması mümkündür".

Onun sözlərinə görə, MDB ölkələri ilə müqayisədə Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı hər 100 min nəfərə nisbətdə 12 təşkil edirsə, Rusiyada bu 19, Qazaxıstanda 17, Yunanıstanda 15, Bolqarıstanda və Polşada 14-dür: "Yəni digər dünya dövlətləri ilə müqayisədə göstəricilərimiz heç də pis deyil. Amma təhlillər göstərir ki, biz bu qəzaların sayını xeyli azalda bilərik. Düzgün yanaşma, insanların düzgün maariflənməsi, yol hərəkəti mədəniyyətinin, insanların buna diqqətinin artırılması sayəsində bu göstəriciləri xeyli yaxşılaşdırmaq mümkündür".

Xəbər lenti

Xəbər lenti