...

Vaqif Əsədov: Bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib

Cəmiyyət Materials 24 Aprel 2014 14:28 (UTC +04:00)
Bu il Bakı şəhəri ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb.
Vaqif Əsədov: Bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Bu il Bakı şəhəri ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb. Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr" layihəsi ilə bağlı hesabat tədbirində bildirib.

Şöbə rəisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə avtoxuliqanların paylaşdığı videolarla bağlı BDYPİ-də müvafiq araşdırmalar aparılır: "Həmin videolarda bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib və o faktla bağlı da araşdırma gedir".

V.Əsədov həmçinin bildirib ki, bu il yanvarın 1-dən aprelin 24-dək Bakıda 252 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 76 nəfər həlak olub, 264 nəfər isə yaralanıb. Qəzaların başvermə səbəbləri sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarəetmə, ötmə-manevr qaydalarının pozulması və digər hallarla bağlıdır. Qəzaların 52 faizi isə piyadaların vurulması ilə nəticələnib.

İctimai Birliyin rəhbəri Elməddin Muradlı isə deyib ki, son günlər yol hərəkətinə aid qanunvericiliyə edilməsi gözlənilən dəyişiklər sürücüləri sevindirməklə yanaşı, həm də onları narahat edir: "Bal sisteminin ləğvi ilə bağlı daxili işlər naziri Ramil Usubovun Prezident Administrasiyasına müraciət etməsi müsbət qarşılanır. Lakin texniki qurğular vasitəsilə qeydə alınan qayda pozuntuları avtomatik rejimdə çalışan cihazların köməyi ilə dərhal çap edilir və sürücüyə SMS vasitəsilə məlumat verilir ki, bu da bir qədər çaşqınlıq yaradır".

E.Muradlı onu da vurğulayıb ki, sürət həddinin aşılması, avtomagistralda yarış keçirən imkanlı şəxslərin övladlarının kobud qayda pozuntularına yol verməsi, bəzilərinin məsuliyyətdən kənarda qalması doğru sayıla bilməz.

Tədbirdə işitrak edən "Diqesta" hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, ekspert Elçin Abdullayev sürücülərin məsuliyyətlərinin artırılmasının vacibliyinə toxunaraq bir sıra təkliflərə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti