...

Qafqaz Müsəlmanları İdarəsi Milli Məclisə süni mayalanma ilə bağlı məktub ünvanlayıb

Cəmiyyət Materials 8 May 2014 19:05 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Milli Məclisinin Sosial siyasət komitəsinə süni mayalanma ilə bağlı məktub ünvanlayıb.
Qafqaz Müsəlmanları İdarəsi Milli Məclisə süni mayalanma ilə bağlı məktub ünvanlayıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Milli Məclisinin Sosial siyasət komitəsinə süni mayalanma ilə bağlı məktub ünvanlayıb.

QMİ-dən Trend-ə verilən məlumata görə, İdarənin Qazılar Şurası "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun təqdim olunan layihəsi ilə bağlı bildirir ki, müasir İslam hüququ (fiqh) və şəriət hökmlərinə əsaslanaraq, həmçinin Azərbaycan dövlətinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı nəzdində Fiqh Akademiyasının, İslam Tibbi Elmlər Təşkilatının 1981-ci ildə qəbul etdiyi İslam tibbi etikası Kodeksinin müddəalarına əsasən demək olar ki, mövcud qanun layihəsində bir sıra maddələr dini, milli, hüquqi və əxlaqi normativlərlə ziddiyyət təşkil edir. Dinimizə görə diqqət ediləcək məqamlar bunlardır:

"1. Kişinin nütfəsinin (sperma) onun halal kəbinli arvadının rəhninə tibbi-texniki üsulla yerləşdirilməsi İslam şəriəti baxımından caizdir (icazə verilir). Bu şəkildə doğulan uşaqlar qanuni hesab edilir və övlada məxsus bütün hüquqlar onlara şamil edilir.

2. Qadının hüceyrəsini ərindən başqa bir donor kişinin sperması ilə birləşdirərək süni mayalanma yolu ilə qadını hamilə etmək böyük günahlardan sayılan zina (qeyri-qanuni cinsi əlaqə) ünsürlərini ehtiva etdiyi üçün İslam şəriətinə görə haramdır. Bu üsulla doğulan uşaqlar vərəsəlik hüququndan məhrumdurlar. Habelə, bu haram işi təbliğ və təşviq edənlər qadını zinaya təhrik edənlər qədər günahkar sayılırlar.

3. Uşaq saldırma (abort) barədə İslam hüquqçularının rəyi birmənalıdır - yalnız bətndəki uşaq ananın sağlamlığına təhlükə törətdiyi təqdirdə abortun mümkün olması və bu halda ananın həyatının xilas edilməsi izinli səbəbdir. Qalan bütün hallarda uşaqların süni yolla, özəlliklə cinsiyyətə görə məhvi bütün səmavi dinlərə, o cümlədən İslam dininə görə haramdır.

4. Müəyyən xəstəliklərin yoluxmasının, sağlamlığa xətər toxundurulmasının qarşısının alınması baxımından, bəzi sosial səbəblərdən müəyyən dövr üçün kişi və qadınların tibbi sterilizasiyasına izn verilə bilər, lakin daimi sterilizasiya haramdır.

5. Qanun layihəsinin 5-ci maddəsində qadınların azad reproduktiv seçim hüququndan sərbəst istifadəsinə istinad edilir. İslam dini qadınlara olduqca böyük hüquq və imkanlar verib. İslama görə, uşaq ataya məxsusdur, odur ki, uşağın taleyi ilə bağlı qərarlar birtərəfli deyil, ər və arvad arasında razılaşdırıldığı təqdirdə İslam şəriəti çərçivəsində münasib sayılır".

QMİ qeyd edir ki, müasir dönəmdə heç bir din, xüsusilə İslam dini elmi-texniki inkişafın əleyhinə çıxmır və insanların sağlamlığı naminə bütün tibbi nailiyyətləri bəyənilən əməl kimi təqdir edir: "Biz, müsəlman din xadimləri, qəbul ediləcək dövlət qanununun xalqımızın milli-mənəvi dəyərlərinə və əxlaqi heysiyyatına müvafiq olacağına, dindar kəsimin iradə və maraqlarını nəzərə alacağına inanır və bu baxımdan Milli Məclisin verəcəyi düzgün qərara görə qabaqcadan təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti