...

Azərbaycanda ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 11 İyul 2014 20:41 (UTC +04:00)
2014-cü ilin birinci yarısında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12.231 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Azərbaycanda ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin birinci yarısında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12.231 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə bu gün ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

O, qeyd edib ki, həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın 24 şəhər və rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub. Bütövlükdə isə bu növ cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 5,4 faiz, o cümlədən qəsdən adam öldürmələr 13,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,7 faiz azalıb. Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13 faiz, mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62 faiz, qrup halında cinayətlər 8 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,5 faiz azalıb.

Cinayətlərin açılması da yüksək olmaqla 80,1 faiz təşkil edib və bu mühüm sahədə əsas səylər zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasına yönəlib. Nəticədə qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 71 faizə yüksəlib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 594, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət açılıb.

Mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 286 ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd əsginaz, habelə istifadə müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb, həmçinin qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 71 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkotraffikə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində 1743 cinayət müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 373 kiloqram narkotik vasitə çıxarılıb. Xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 111 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Digər tərəfdən, insan alveri ilə bağlı 50 cinayət müəyyən edilib və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

"102" xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 5000 hüquqazidd əməlin qarşısı alınıb, 1573 cinayət işi başlanıb, "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları ilə 5526 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 85 hadisə aşkarlanıb, axtarışda olan 69 avtomobil saxlanılıb.

Müxtəlif cinayətlər törətmiş 4461, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulub. Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti