...

Adəm kimi gəldi, Adəm kimi getdi

Cəmiyyət Materials 22 İyul 2014 09:00 (UTC +04:00)
Bir Adəm, bir sufi, bir nurani dərviş olan Akif Səmədin yolunun bu dünyadan keçən hissəsi 10 il qabaq bitdi. Bu dünyada heç 45 il məsafəlik yol getməyən Akif Səməd Adəmdən yol alıb özünə yol gedirdi.
Adəm kimi gəldi, Adəm kimi getdi

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Ulucay Akif/

Çox da yollar buz, qar imiş,

Fələklər bizə yar imiş,

Bircə qarış yol var imiş

Adəmdən Akif Səmədə.

Bir Adəm, bir sufi, bir nurani dərviş olan Akif Səmədin yolunun bu dünyadan keçən hissəsi 10 il qabaq bitdi. Bu dünyada heç 45 il məsafəlik yol getməyən Akif Səməd Adəmdən yol alıb özünə yol gedirdi.

Atamın hər fürsətdə bu dünyada çox qalmayacağını dilə gətirməsini heç zaman anlamırdım. Çox söhbət etməyi sevməyən Akif Səməd həmişə nədənsə narazı görünərdi. Hər şeydən qəribə olan isə atamın ölümü gülərək qarşılamağa hazır olması və ölümünün gecikməsindən gileylənməsi idi:

Nə qədər dostlarım qabağa düşdü,

Gecikir ölümüm,yaman gecikir.

Səmti, yönü yaman uzağa düşdü,

Kəsibdi yolumu duman, gecikir.

Mən atamı itirdikdən sonra Akif Səmədi qazandım. Çünki sağlığında heç vaxt ona Akif Səməd gözü ilə baxmamışdım, baxa da bilməzdim. Atamı 9 yaşında itirən mən bu cür dahi şairi dərk edəcək dərrakəyə sahib deyildim, bəlkə heç hələ də deyiləm.

Əzbərlədiyim ilk şeiri "Bizlik deyil çıxaq gedək" idi. Bu şeiri ölümündən sonra öyrənmişdim. Məzarı başında o şeirin bir bəndini demişdim ki, hıçqıra-hıçqıra ağlamağa başladım. Həmin gün hiss elədim Akif Səmədi. Həmin gün içimdə duydum onun səsini. Anladım ki, damarımda Adəm olan Akif Səmədin qanı axır.

O artıq atam deyildi, o artıq mənim üçün də Akif Səməd idi. Oxuduğum hər şeiri ilə ruhuma, hüceyrələrimə hopurdu. Sonra atamı ən yaxın dostlarının dillərindən, yazılarından və şeirlərindən tanımağa başladım.

Mən böyüdükcə içimdəki Akif Səməd də böyüdü. Artıq mən də qələmlə dostlaşmışam. Yazdıqlarım onun qələmi ilə müqayisə oluna bilməsə də, qələmlə doğmalaşdığım üçün xoşbəxtəm. İndi isə mənim içimdə Akif Səməd qəlbi döyünür. Mən artıq Ulucay yox Akif Ulucayam. Akif Səmədin qələmi və sözünə layiq olmağa çalışan Ulucay Akif. Tək arzum və məqsədim atam kimi şərəfli və ləyaqətli bir ömür yaşamaqdır. Ölümdən qorxmayaraq, həqiqəti hayqıraraq!

Mənim üçün bir gerçək var ki, Akif Səmədi anlayanlar üçün Akif Səməd heç vaxt ölməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti