...

Ələt qəsəbəsi ərazisində 15 min ağac əkiləcək

Cəmiyyət Materials 25 İyul 2014 17:07 (UTC +04:00)
“Coca-Cola” şirkəti və ADA Universitetinin birgə həyata keçirdiyi “Ağac ək, həyata hədiyyə et” layihəsinin ikinci mərhələsi çərçivəsində bu ilin payızında Ələt qəsəbəsində Salyan şosesi boyunca 16 hektarlıq qeyri-məhsuldar torpaqda 15 minə yaxın ağac əkiləcək.
Ələt qəsəbəsi ərazisində 15 min ağac əkiləcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"Coca-Cola" şirkəti və ADA Universitetinin birgə həyata keçirdiyi "Ağac ək, həyata hədiyyə et" layihəsinin ikinci mərhələsi çərçivəsində bu ilin payızında Ələt qəsəbəsində Salyan şosesi boyunca 16 hektarlıq qeyri-məhsuldar torpaqda 15 minə yaxın ağac əkiləcək.

Hazırda 2014-cü ilin payızında həyata keçiriləcək layihənin başlaması üçün hazırlıq işləri görülür. Belə ki, iyul və avqust aylarında müəyyən olunmuş ərazidə payız əkininə zəmin hazırlamaq üçün lazımi işlər görüləcək.

Su qıtlığı XXI əsrdə bir çox cəmiyyətin və bütövlükdə dünyanın qarşılaşdığı əsas problemlərdən biridir. Bu gün 43 ölkədə 700 milyona yaxın insan su qıtlığından əziyyət çəkir.

Hazırda bu problem iş və elm dünyasının, vətəndaş cəmiyyətinin, hökumət və beynəlxalq təşkilatların böyük narahatlığına səbəb olub. Bir çox beynəlxalq şirkətlər kimi "Coca-Cola" şirkətinin də bu problemi azaltmağa yönəldilmiş strategiyasının hazırlanması nikbinlik yaradır. Misal üçün, 2007-ci ildə "Coca-Cola" şirkəti 2020-ci ilədək "Hazır içkilərdə istifadə olunan su ekvivalentinin təzələnməsi" ilə bağlı davamlılıq cəhdlərini elan edib.

Azərbaycanda içməli su təhlükəsizliyinə müvafiq təchizatın təmin olunmasında əhəmiyyətli irəliləyişə nail olunmasına baxmayaraq, əhalinin əsasən ucqar nöqtələrdə yaşayan hissəsi üçün mövcud su ehtiyaları baxımından narahatlıq doğuran məqamlar hələ də qalmaqdadır. Ölkənin ekoloji strategiyası təbii sərvətlərin milli, regional və beynəlxalq sahələrdə qorunmasına yönəldilib - elmi əsaslı inkişaf prinsiplərinin tətbiqi; ölkənin iqtisadi və insan resurslarının davamlı istifadəsində indiki və gələcək nəsillərin maraqlarını qarşılayacaq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin genişləndirilmiş koordinasiyası vasitəsilə.

Su ictimai əhəmiyyətli və israf oluna biləcək sərvət olduğundan məsələyə elə yanaşılmalıdır ki, su ehtiyatının genişləndirilməsi davamlı nəticələr versin. Bu məqsədlə də Azərbaycanda bu ilin fevralın 27-də "Coca-Cola" şirkəti və ADA Universitetinin əməkdaşlığı çərçivəsində "Ağac əkək, təbiətə pay verək!" adlı layihəyə start verilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənən layihə Azərbaycanda müəyyən olunmuş ərazilərində təmiz su ehtiyatının qorunması və təchizinə nail olunması üçün kütləvi meşəsalma və ağaclandırmanı təbliğ etməkdədir. Tərəfdaşlar 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutur.

Ağac əkməklə suyun qorunması dünyada geniş yayılmış və olduqca səmərəli və məşhur bir üsuldur. Ağaclar yağıntıları çoxaldaraq, su axınını tənzimləyərək, eroziyanı və sel təhlükəsini azaldaraq, su təchizatının sterilizasiyasını və ümumi su keyfiyyətini yaxşılaşdıraraq, sudan istifadəyə müsbət təsir edir. Həmçinin, qısa kol və çəmənlər üzərinə kölgələrini salaraq qısaboy bitkilərin suya tələbatını azaldır. Layihədə ölkədə qıt və qiymətli şirin su ehtiyatına qənaət etməyə kömək edəcək damcı suvarma üsulundan istifadə nəzərdə tutulub.

Su ehtiyatlarının mühafizəsi və çoxaldılmasından başqa hava çirklənməsinin qarşısını alır, planetin su anbarı rolunu oynayaraq, kimyəvi dövranına yardım göstərir və ekosistemdə enerji axınını təmin edir.

İlkin olaraq layihə Bakı şəhərini əhatə edir, tam olaraq "Coca-Cola" şirkəti tərəfindən maliyyələşdirilir və ADA Universitetinin Xəzər Energetika və Ətraf Mühit Mərkəzi tərəfindən icra olunur.

Cari ilin mart ayının 19-da başlayan layihənin birinci mərhələsi çərçivəsində ADA Universitetinin tələbələri və əməkdaşları Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında 100-dən artıq ağac əkiblər. Bu, cəmiyyətdə sosial məsuliyyət prinsipini təbliğ edən, eləcə də "qızıl üçlük" (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam fəlsəfəsinə əsaslanan layihənin başlanmasını simvolik olaraq qeyd edib.

Ağac əkməkdən savayı, layihənin məqsədi müxtəlif təbliğat yolları ilə, o cümlədən elmi-tədqiqat işləri və elmi nəşrlər vasitəsilə ictimai məlumatlılığı artırmaqdır. Gəncliyə imkan yaradılması və bu işə cəlb edilməsi səylərin davamlılığı üçün ən yaxşı yollardan biri olmasına inanılaraq könüllülərin ağac əkilməsinə cəlb edilməsi düşünülür. Layihə bəzi yaxın yerləşən müəssisələri ətraf mühiti qorumaq məqsədilə bir araya gətirməklə yaxşı qonşuluq münasibətini təmin edir. Bu da qızıl üçbucaq hesab olunan hökumət, iş dünyası və vətəndaş cəmiyyətinin sinerjisinə inanan layihənin əsas məqsədinə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti