...

Makedoniyanın Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət Materials 31 İyul 2014 16:18 (UTC +04:00)
Makedoniya Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.
Makedoniyanın Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlkin İzzət/

Makedoniya Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı G.İvanova 2014-cü ilin aprel tarixində Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda müzakirə olunan mövzular və Forumun nəticələri barədə geniş məlumat verilib. Bununla yanaşı, Forumun davamı olaraq növbəti mərhələdə görüləcək işlər Makedoniya Prezidentinin diqqətinə çatdırılıb.

Prezident dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin mövcudluğunu nəzərə alaraq, bu problemlərin aradan qaldırılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və onun yaratdığı şəbəkənin reallaşdırdığı toplantıların son dərəcə vacib olduğunu bildirib.

Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun Andorrada hazırladıqları sayca üçüncü olan Ali Qrup Toplantısı və 2015-ci ildə nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Müştərək Cəmiyyətlər Forumu artıq nüfuzlu beynəlxalq təşəbbüsə çevrilərək, dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının çox vacib müzakirələr apara biləcəyi qlobal platforma rolunda çıxış edir. Belə ki, 2013-2014-cü illərdə keçirilən forumlarda ümumilikdə dünyanın 51 ölkəsindən 60-dan çox sabiq ölkə və hökumət başçısı iştirak edib.

Forumda iştirak üçün dəvəti qəbul edən Prezident G.İvanov bu təşəbbüsün qlobal müstəviyə çıxmasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi dəstək və diqqətin mühüm rolu olduğunu vurğulayaraq Azərbaycan ilə Makedoniya arasında əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.

Görüş zamanı Prezidentin təşəbbüsü olan Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb. Yaxın vaxtlarda hər iki qurum birgə beynəlxalq layihələrin reallaşdırılmasına da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti