...

Azərbaycan 7-ci dəfə öz qapılarını Rusiyanın gənc jurnalistlərinin üzünə açacaqdır

Cəmiyyət Materials 19 Avqust 2014 21:35 (UTC +04:00)
2014-cü il avqustun 19-dan 25-dək Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda olacaqdır.
Azərbaycan 7-ci dəfə öz qapılarını Rusiyanın gənc jurnalistlərinin üzünə açacaqdır

Azərbaycan, Bakı, 19 avqust /Trend/

2014-cü il avqustun 19-dan 25-dək Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda olacaqdır.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətində bildiriblər ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Rusiyanın aparıcı ali məktəblərinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə təşkilatlarının iştirakı ilə RAGB tərəfindən təşkil edilib. RAGB-nin sədri Leyla Əliyevanın səfərin təşkilinə şəxsi töhfəsini xüsusi qeyd etmək lazımdır. Onun səyləri sayəsində illik tədbirə çevrilən belə səfərlər artıq yeddinci dəfə təşkil olunur.

Nümayəndə heyəti ciddi müsabiqə seçimi yolu ilə formalaşdırılıb və onun bütün iştirakçıları sadəcə Moskvanın və Rusiyanın ən yaxşı ali məktəblərinin tələbələri, aspirantları, yaxud ali məktəbləri yenicə bitirmiş məzunlar deyil, həm də təcrübə keçən jurnalistlərdir. Səfərin iştirakçıları arasında Rusiyada və onun hüdudlarından kənarda tanınmış federal əhəmiyyətli KİV-lərin - Ümumrusiya Dövlət Teleradio Şirkətinin, "RİA-Novosti-Rossiya seqodnya" informasiya agentliyinin, NTV teleşirkətinin, "Kommersant" nəşriyyat evinin və digər təşkilatların nümayəndələri vardır.

Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini Azərbaycan KİV-ləri ilə, respublikanın ictimai təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış etməkdir.

Jurnalistlərin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə dair seminarda iştirak etməsi onların bu sahədə öz biliklərini genişləndirməsinə, Mətbuat Şurasının nümayəndələri və KİV-lərin əməkdaşları ilə ünsiyyət isə Azərbaycanda jurnalist işinin xüsusiyyətləri, habelə ölkənin daxili və xarici siyasi həyatının daha maraqlı cəhətləri barədə dəyərli məlumat almasına imkan verəcəkdir.

Səfər zamanı əldə etdikləri biliklər iştirakçıların gələcək işində onlara kömək edəcək, efirdə və Rusiya KİV-lərinin səhifələrində öz əksini tapacaqdır.

Xəbər lenti

Xəbər lenti