...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2014 15:12 (UTC +04:00)
Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin dəvəti əsasında İşçi Qrupunun ölkəmizə səfərinin məqsədi BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrası sahəsində respublikamızda mövcud iş təcrübəsini, həyata keçirilən cari təşəbbüsləri, imkan və yeni çağırışları nəzərdən keçirməkdir.

Görüşdə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və onun uğurlu nəticələri, qeyri-neft sektorunun və regionların inkişafı, yeni yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib. İqtisadi tərəqqinin sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunduğunu konkret göstəricilər əsasında diqqətə çatdıran İ.İsayev bildirib ki, respublikada insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. Bu gün Azərbaycan mötəbər beynəlxalq təşkilatların konvensiya və tövsiyələri əsasında daim təkmilləşən və əmək hüquqlarına münasibətdə ümumbəşəri dəyərləri əks etdirən əmək hüquqları toplusuna - Əmək Məcəlləsinə malikdir. Eyni zamanda, ölkədə əmək hüquqlarının daha effektli müdafiəsi məqsədilə mühüm islahatlar aparılır.

Nazir müavini tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, onun önəmli cəhətləri haqqında dolğun məlumat verib, bu islahat tədbirinin ilk növbədə vətəndaşların əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsi mexanizminin qurulmasına, qeyri-leqal məşğulluğun qarşısının alınmasına xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulduğunu və bu sənədlərdən irəli gələn öhdəlikləri uğurla icra etdiyini qeyd edən İ.İsayev əlilliyi olan şəxslərin hüquqlarının təminatı, o cümlədən onların əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün aparılan məqsədyönlü işlərdən bəhs edib. O, nazirliyin ayrı-ayrı fəaliyyət sahələrində də vətəndaşların sosial hüquqlarının təminatı sahəsində görülən tədbirlər barədə məlumat verib.

İşçi Qrupunun üzvləri və BMT-nin xüsusi məruzəçiləri Puvan Selvanathan və Pavel Sulyandziga sürətli iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda sosial hüquqlar sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsinin, insan kapitalının inkişafına xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar. Onlar xüsusən əmək hüquqlarının müdafiəsində təsirli vasitələrdən istifadə olunması üçün nazirlik tərəfindən aparılan islahatların maraq və rəğbətlə qarşılandığını vurğulayıblar.

Görüşdə ölkəmizdə əmək və sosial hüquqların daha dolğun şəkildə reallaşdırılması sahəsində görülən işlər və bu sahədə yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti