...

Azərbaycanda Cənubi Qafqazın Neolit dövrünə aid ən qədim yaşayış məskəni aşkar edilib

Cəmiyyət Materials 30 Avqust 2014 11:36 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunda Cənubi Qafqazın Neolit dövrünə (Yeni Daş dövrü) aid ən qədim yaşayış məskəni aşkar edilib.
Azərbaycanda Cənubi Qafqazın Neolit dövrünə aid ən qədim yaşayış məskəni aşkar edilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Tovuz rayonunda Cənubi Qafqazın Neolit dövrünə (Yeni Daş dövrü) aid ən qədim yaşayış məskəni aşkar edilib.

Trend Türkel TV-yə istinadən bildirir ki, regionda Neolit dövrünün ən qədim yaşayış yeri sayılan Hacı Ələmxanlı abidəsi e.ə. VII minilliyin sonlarına aid edilir. Aparılan radiokarbon analizlər və əldə olunan maddi mədəniyyət nümunələrinin təhlilləri də burada oturaq həyat tərzinə keçən ilk insan izlərinin olduğunu sübut edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən qədim yaşayış yeri ilkin sivilizasiyanın başlanğıc mərhələsini əks etdirən ilk kəndlərdir. Sonradan sivilizasiyanın inkişafı və şəhər mədəniyyətinin yaranması bu ərazidəki qədim yaşayış məskənlərinin fonunda formalaşıb: "Burada aparılan araşdırmalar onu göstərir ki, bölgədə ilkin məskunlaşma, yəni oturaq həyat tərzinə keçən erkən əkinçi tayfaların ilkin yaşayış yerləri məhz Hacı Ələmxanlı qədim yaşayış yerində olub".

Onun sözlərinə görə, layihəyə əsasən qazıntılar Azərbaycan və Yaponiya arxeoloqlarının birgə əməkdaşlığı çərçivəsində aparılır.

Tokio Universitetinin professoru Yoşiho Nişiyaki qeyd edib ki, 2012-ci ildən başlayan qazıntıların aparılmasında məqsəd Tovuz ərazisində Neolit dövrünə aid erkən qədim yaşayış yerlərinin araşdırılmasıdır: "Biz azərbaycanlı mütəxəssislərlə birgə düşündük ki, Cənubi Qafqazda Neolit dövrü abidələrini birgə araşdıraq və daha dəqiq məlumatlar toplayaq. Bu, uzun illər idi ki, bizim marağımızda idi və gördüyünüz kimi, bu gün biz Neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik".

Yapon arxeoloq abidələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün müəyyən tədbirlərin görüləcəyini, onun qeydə alınması üçün UNESCO-ya müraciət olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti