...

Gəncədə Mətbuat evi ilin sonunadək hazır olacaq

Cəmiyyət Materials 30 Avqust 2014 16:41 (UTC +04:00)
Qərb regionunda bir ilk reallaşdırılmaqdadır
Gəncədə Mətbuat evi ilin sonunadək hazır olacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Qərb regionunda ilk dəfə olaraq Gəncədə Mətbuat evi tikilir. Gəncəçayın sağ sahilində, Bayraq meydanının arxasında inşa edilən tikilidə son tamamlanma işləri gedir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Mətbuat evinin tikintisinə 2012-ci ildə başlanılıb və bina 460 kv.m ərazidə inşa edilir. Bina zirzəmi ilə birlikdə 5 mərtəbəlidir. Mətbuat evi təkcə Gəncə deyil, bütövlükdə region jurnalistləri üçün mərkəz rolunu oynayacaq. Müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz ediləcək binada sürətli internet şəbəkəsinə qoşulmaqla məlumatların ötürülməsi, qəbul edilməsi də mümkün olacaq. Tikilidə artıq son tamamlanma işləri aparılır, istilik sistemləri quraşdırılır.

"Azərmətbuatyayım"ın nümayəndəsi Kənan Hümbətov deyib: "Bura "Azərmətbuatyayım"ın balansında olan Mətbuat evi olacaq. İşlərin 90-95 faizi görülüb. Bir, iki, üç və dördüncü mərtəbələrdə işlər yekunlaşıb, yalnız otaqların rənglənməsi və digər bəzək işləri qalıb ki, orada da işlər gedir. Binanın zirzəmisində 10 günlük işimiz qalıb".

Mətbuat evində konfransların təşkil edilməsi, eləcə də Gəncəyə ezam olunan müxbirlərin imkanlardan yararlanması üçün hər cür şərait yaradılır.

K.Hümbətovun sözlərinə görə, konfrans zalı da inşa edilib ki, burada beynəlxalq jurnalistlərin hansısa konfranslar keçirməsi nəzərdə tutulub. Burada, həmçinin onların qalması, istirahət etməsi üçün hər cür şərait olacaq.

Mətbuat evinin binasının fasadı isə Gəncədə analoqu olmayan xüsusi lahiyə əsasında keramika, qranit və şüşə ilə üzlənəcək. Həmçinin binanın həyəti şəhər dizaynına uyğun abadlaşdırılacaq. Burada işıq dirəkləri, oturacaqlar qoyulacaq, yaşıllıq salınacaq. Binada bütün işlər bu ilin sonuna kimi başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti