...

Mikayıl Cabbarov: Xaricdə təhsil almış gənclərin işlə təmin olunması üçün müəyyən imkanlar yaradılıb

Cəmiyyət Materials 5 Sentyabr 2014 12:36 (UTC +04:00)
"Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlə təmin olunması istiqamətində artıq müəyyən imkanlar yaradılıb".
Mikayıl Cabbarov: Xaricdə təhsil almış gənclərin işlə təmin olunması üçün müəyyən imkanlar yaradılıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlə təmin olunması istiqamətində artıq müəyyən imkanlar yaradılıb". Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

M.Cabbarov bildirib ki, hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Dövlət Proqramının məzunları dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.

Nazir qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni təcrübə deyil, azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı təxminən 8 ildir ki, həyata keçirilir: "Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində 500-ə yaxın gənc bu tədris ili üçün seçim prosesində seçilib. Proses tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər".

M.Cabbarov bildirib ki, əvvəlki illərlə müqayisədə bu il seçim daha böyük rəqabət mühitində keçib: "Ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələbələrin təklifləri nəzərə alınaraq Dövlət Proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini davam etdirirlər. Ümid edirik ki, tələbələr xaricdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti