...

Azərbaycanda toylar üçün inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur

Cəmiyyət Materials 15 Sentyabr 2014 15:39 (UTC +04:00)
"Çoxsaylı tədqiqatların nəticələrinə görə, toylar insanlar, xüsusilə orta və azgəlirli vətəndaşlar üçün çox ciddi maddi problemə çevrilir. Buna görə Azərbaycanda toylar üçün də inzibati məhdudiyyətlər tətbiq olunmalıdır".
Azərbaycanda toylar üçün inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Çoxsaylı tədqiqatların nəticələrinə görə, toylar insanlar, xüsusilə orta və azgəlirli vətəndaşlar üçün çox ciddi maddi problemə çevrilir. Buna görə Azərbaycanda toylar üçün də inzibati məhdudiyyətlər tətbiq olunmalıdır". Bunu Trend-ə uzun illərdir toylarda və yas mərasimlərində israfçılıq mövzusunu gündəmə gətirən, bu mövzuda əhali arasında kütləvi sosioloji sorğular aparan Türkiyənin Üsküdar Universitetinin sosiologiya fakültəsinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı deyib.

Ə.Süleymanlı bildirib: "Toylardakı yeknəsəklik, toya çağırılan və toyu disklə yola verib, bunun müqabilində yüksək məbləğdə pul tələb edən müğənillər də insanları bezdirib. İş o yerə çatıb ki, toylar sayəsində milyonlar qazanan, heç bir savadı olmayan, davranışları ikrah hissi doğuran bu müğənnilər artıq cəmiyyətdə "ağsaqqal" və "ağbirçək" statusunda çıxış edirlər. Vəziyyətin bu həddə çatmasında, şübhəsiz, onları təbliğ edən media orqanlarının və onlara külli miqdarda pul verib toylarına dəvət edən vətandaşların da rolu az deyil".

Azərbaycanda yas mərasimlərinin keçirilməsinin tənzimlənməsi ilə bağlı verilən qərarı əhəmiyyətli sayan sosioloq bildirib ki, yas mərasimləri artıq öz həqiqi mahiyyətini itirmişdi. Onun sözlərinə görə, iş o yerə gəlib çatmışdı ki, insanlar bir-birinə nahar, bəzən də şam yeməyini kiminsə "üç", "yeddi", "cümə axşamı" və "qırx" mərasimlərində yeməyi təklif edirdi.

Ə.Süleymanlı bildirib ki, insanların çoxunun bu duruma etiraz etməsinə baxmayaraq, əksəriyyət cəmiyyətin "qınağı"ndan çəkinərək yas mərasimlərini sadə şəkildə keçirməməyə çalışırdı. Nəticədə bəzən yas sahibi yüksək məbləğdə xərc tələb edən məclisini yola vermək üçün bankdan kredit götürmək və bununla da böyük maddi yük altına girmək məcburiyyətində qalırdı. Bu da sonda əlavə sosial problemlərin yaranmasına səbəb olurdu: "İndi artıq inzibati yollarla bu məsələ tənzimləndiyi üçün o "qınaq"dan çəkinməyə də ehtiyac qalmayacaq".

Bu sahədə Türkiyənin təcrübəsini bəyənən alim bildirib ki, Azərbaycandan fərqli olaraq, Türkiyədə yas mərasimləri daha çox məscidlərdə cənazə namazının qılınması və qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi ilə məhdudlaşır. Bu ölkədə vəfat edən şəxsin ailəsinin yas içində olmasını nəzərə alaraq, onlara qonşuları və yaxın qohumları bir neçə gün yemək bişirib gətirirlər.

Ə.Süleymanlının sözlərinə görə, Türkiyənin böyük şəhərlərində bir müddət insanlar cənazə namazının qılındığı məscidlərə gül çələngləri göndərərdilər. Son dövrlərdə isə gül çələnglərinin göndərilməsi də əlavə israf hesab olunur. Bunu nəzərə alaraq, çələng əvəzinə hansısa imkansız ailəyə və yaxud uşaq evinə vəfat edən şəxsin ehsanı kimi yardım edilməsi ənənəsi formalaşıb. Bu ənənə artıq Türkiyədə çox müsbət qarşılanır və yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti