...

Ukrayna Azərbaycannlı Gənclər Birliyinə yeni sədr seçildi (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 18:51 (UTC +04:00)
Fəaliyyət proqramını ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyası əsasında quran Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) xalqımızın milli, mənəvi dəyərlərinin təbliğ olunmasını özünün ən ümdə şərəf börcu hesab edir.
Ukrayna Azərbaycannlı Gənclər Birliyinə yeni sədr seçildi (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Fəaliyyət proqramını ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyası əsasında quran Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) xalqımızın milli, mənəvi dəyərlərinin təbliğ olunmasını özünün ən ümdə şərəf börcu hesab edir.

Trend-in məlumatına görə, bu devizlə 2-ci hesabat seçki konfransına toplaşan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki adidəsinin üzərinə tər çiçəklər qoymaqla ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Azərbaycanın dövlət himninin sədaları altında başlanan hesabat seçki konfransında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına ayırdığı xüsusi diqqət və qayğıdan söz açıb.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdıran səfir 4 il bundan öncə fəaliyyətə başlayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nəcib amallara xidmət etdiyini, vətənimiz və dövlətimiz naminə səmərəli tədbirlər həyata keçirdiyini vurğulayaraq Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirovu yüksək fəaliyyətinə görə Azərbaycanın Ukraynadakı səfirliyinin ən ali diplomu ilə mükafatlandırıb.

Konfransda çıxış edən Azərbaycan Disporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Ruslan Quliyev komitənin sədri Nazim İbrahimovun konfrans nümayəndələrinə ünvanladığı xoş və səmimi arzularını çatdırıb. UAGB-nin ötən 4 il müddətində həyata keçirdiyi çoxşaxəli tədbirləri vətənimizə və dövlətimizə əsl sədaqət xidməti adlandıran Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev, konqresin Ali məclisinin sədri Akif Gülməmmədov və digər şəxslər birliyə gələcək işlərində uğurlar arzulayıblar.

Sonra Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri A.Tahirovun birliyin 4 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və indiyədək görülən işlər qənaətbəxş hesab olunub: "Mən çox şadam ki, ümummilli lider Heydər Əliyevin müstəqillik illərində Ukraynaya göndərdiyi ilk tələbələrdən biriyəm. Fəxarətlə deyə bilərəm ki, 4 il bundan öncə təsis etdiyimiz Ukrayna Azərbaycanlı Gənclər Birliyinin ətrafında minlərlə azərbaycanlı gənc birləşərək özlərini dahi Heydər Əliyev ideologiyasının mənəvi daşıyıcıları hesab edirlər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi vətənimizin qüdrətli dövlətə çevrilməsindən qürur duyuruq".

Sonra təşkilati məsələlərə baxılıb. Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və idarə heyəti seçilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İ.Allahverdiyeva birliyin gələcək fəaliyyət proqramını açıqlayıb: "Fəaliyyət proqramımız dahi Heydər Əliyev ideologiyasından qaynaqladığı üçün bizləri qarşıda böyük nailiyyətlər və uğurlar gözləyir. Çünki bu ideologiyanın kökündə Azərbaycanımıza, vətənimizə və dövlətimizə yüksək sevgi var".

Tədbirin sonunda bir sıra şəxslərə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri diplomları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti